Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Etirazçı qadınları karantinə alıblar


Qadınlar otelə aparılır
Qadınlar otelə aparılır

Qazaxıstanda hökumətdən yardım tələb edən qadınları məcburən karantinə alıblar. Aztəminatlı ailələri təmsil edən qadınlar Əmək və Sosial Dəstək Nazirliyinin qarşısında piket edirdilər.

Facebook-da yayılmış videoda qoruyucu libasda olan böyük bir qrupun iyunun 10-da paytaxt Nur-Sultanda nazirlik qarşısında piket keçirən qadınları dağıtdığı görünür, etirazçılar isə qışqırırlar.

İyunun 8-dən etiraz edən qadınları yaxınlıqdakı otelə aparıblar. AzadlıqRadiosu-nun əməkdaşları otelə gedib məlumat almaq istəyəndə qoruyucu geyim və maskada olan şəxslər onların binaya daxil olmasına imkan verməyib, otelin indi “karantin binası” olduğunu deyiblər.

Qadınlar nə tələb edirdilər

Qazaxıstan hakimiyyəti koronavirus qadağalarından bəzilərini qaldırmağa başlayanda 20-dək qadın “səssiz etiraz”a start verib.

Qadınların taxdığı maskaların üstündə “X” yazılıb, bununla onlara “danışmağa imkan verilmədiyini” demək istəyiblər. Etirazçıların əllərindəki plakatlarda “Ehtiyacı olan ailələrə ucuz ipoteka”, “Hər bir uşağa maliyyə yardımı”, “Yoxsul ailələrin bank kreditlərinə amnistiya”, “Biz aclıq aksiyası keçiririk” sözləri yazılıb.

Ötən ilin fevralından Nur-Sultanda, eləcə də Qazaxıstanın digər şəhərlərində azgəlirli qadınlar yürüşlər və piketlər keçiriblər. Fevralda valideynləri gecə növbəsində olan ailənin beş uşağı yanğında ölmüşdü. Bu faciə ölkə boyunca qəzəb yaratdı, nümayişçilər hökumətdən çoxuşaqlı ailələrə dəstəyin artırılmasını tələb edirdilər.

Martın ortasında koronavirus qadağaları tətbiq olunanadək ara-sıra etirazlar keçirilirdi.

Etirazlar ötən il başlanandan Qazaxıstan hökuməti üçdən çox uşağı olan ailələrə xüsusi dəstək proqramı açıqlayıb.

İlkin olaraq belə ailələrə hər uşağa görə aylıq 21 min tenge (50 dollar) müavinət kəsildi. Ancaq sonradan bu məbləğ iki dəfə azaldılıb. Yanvardan sözügedən müavinətlər yalnız rəsmən yoxsul kimi tanınan ailələrə verilir.

Qadınlar isə müavinətlərin ilkin səviyyəsinə qaytarılmasını, üçdən çox uşağı olan ailələrin hamısına daha çox müavinət verilməsini tələb edirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG