Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:14

COVID-19 yalanları


Siyasi karikatura
Siyasi karikatura

Dünyada yeni koronavirus pandemiyasının peyda olmasından altı ay keçir. Bu müddət ərzində pandemiya ilə yanaşı dezinformasiya da vüsət alıb. AzadAvropa/AzadlıqRadiosu altı aylıq miflərə nəzər salır.

ABŞ-dakı Carnegie Mellon Universitetinin tədqiqatçıları onlayn kanallarda yayılan dezinformasiyanı araşdırır. Komanda koronavirusla bağlı 100-dən artıq saxta nəzəriyyənin yayıldığını üzə çıxarıb. Bu dezinformasiya əsasən üç kateqoriyaya bölünür: infeksiyanın müalicəsi və yayılmasının önlənməsi; virusun təbiəti; virusun silah kimi, yaxud biomühəndislikdə istifadə ehtimalı.

Carnegie Mellon Kompüter Elmləri Məktəbinin Proqram Tədqiqatları İnstitutunun professoru Kathleen Carley deyir ki, internetdə, hər bir sosial şəbəkədə qeyri-dəqiq informasiyanı botlar, bu informasiyanın doğru olmadığını bilməyən şəxslər yayır. Virusun yanlış müalicə və profilaktika metodları dünyada ən geniş dezinformasiya mövzusu olub və onları əsasən onlayn botlar yayıb.

Miflər necə qırılır

Nə “Corona” pivəsi, nə sarımsaq, nə də şorbaya tökülmüş acı istiot koronavirusu müalicə edir. İnternetdə təşviq edilən bəzi dərmanların qəbulu isə ölümlə nəticələnə bilər. Bir çox hökumətlər, səhiyyə orqanları və təşkilatlar saxta iddialara qarşı vebsaytlar yaradıblar.

Bir sıra konspirologiya nəzəriyyələrinin hədəfinə çevrilmiş Dünya Səhiyyə Təşkilatı da mifləri qırmağa zaman ayırıb.

DST spirtli içki qəbulunun COVID-19-a qarşı effektli olması, yaxud nəfəsini 10 saniyə saxlamağın xəstə olmamağa dəlalət etməsilə bağlı deyilənləri rədd edir.

Çexiyanın Daxili İşlər Nazirliyi koronavirusun bioloji silah kimi hazırlanması iddialarını rədd edib, vurğulayıb ki, bu virus “Bill Gates kimi qlobal elitalara” da toxunur.

Qurum Birləşmiş Ştatların koronavirus pandemiyasından yararlanaraq Avropaya qoşun yeritməsi ideyasını da təkzib edir. Qeyd olunur ki, bu ideya pandemiyaya görə təxirə salınmış hərbi təlimlər planından yarana bilərdi. Bir sıra məşhur konspirologiya nəzəriyyələri də puça çıxarılır:: koronavirusla 5G şəbəkələri arasındakı əlaqə; pandemiyanın uydurma olması; hökumətin əhalini nəzarətdə saxlamaqdan ötrü kütləvi peyvəndləmə planlaşdırması və sairə.

Carnegie Mellon-dan Carley deyir ki, böhran vaxtı dezinformasiya peyda olursa, onları tanınmışlar və xəbər agentlikləri təkrar yayanda daha da vüsət alırlar. Bəzən də zarafat həqiqət formasını alır.

“Satiranı dezinformasiyayla qarışıq salmaq asandır. Məsələn, koronavirusu təmizləyici vasitəylə sağaltmaq fikrini kimsə zarafat və açıq satira kimi, kimsə həqiqət kimi qəbul edə bilər”, – o vurğulayıb.

Pis oyunçular

ABŞ Prezidenti Donald Trump-ın dezinfeksiya maddəsi içmək ideyasını səsləndirməsi, yaxud Braziliya Prezidenti Jair Bolsonaro-nun pandemiyanın ciddiliyini azaltmağa çalışması da dezinformasiyanın yayılmasında onları pis oyunçulara çevirmiş olur.

Hətta bəzən ölkələr özləri xəstəliyin mənşəyi haqda qarşılıqlıq ittihamlar səsləndiriblər. Vaşinqton deyir ki, virus Çin laboratoriyasında hazırlanıb, Pekin rəsmiləri iddia edib ki, onu Çinə ABŞ ordusu aparıb.

Dezinformasiya kampaniyasının nəticəsi isə göz qabağındadır. Moskva Ali İqtisadiyyat Məktəbinin keçirdiyi sorğuya görə, hər dörd rusiyalıdan biri koronavirus pandemiyasının real olmasına inanır.

Birləşmiş Ştatlarda isə “Pew” mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb ki, amerikalıların 30 faizə yaxını koronavirusun laboratoriyada hazırlanmasına inanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG