Ucuz bərpaolunan enerji, iqlim siyasəti, koronavirus pandemiyası mədən yanacağı şirkətlərini “qarşısıalınmaz tənəzzül” prosesinə doğru sürükləyir. Müdaxilə olunmasa, yeni maliyyə böhranı yarana bilər. Bu haqda iyunun 4-də yeni hesabat açıqlanıb.
Araşdırmanı Carbon Tracker beyin mərkəzi aparıb. Qurum daha təmiz enerjiyə keçidin neft, təbii qaz və kömür sənayesinə sərmayələrə risklərini dəyərləndirir. Beyin mərkəzinin məlumatına görə, pandemiyanın səbəb olduğu çöküş səbəbindən bu məhsullara tələb heç vaxt tam bərpa olunmaya bilər.
“Mədən yanacağı sisteminin tənəzzül və iflasını müşahidə edirik”, – araşdırmanın həmmüəllifi Kingsmill Bond deyib.
Bondun sözlərimə görə, texnoloji innovasiya və siyasi dəstək mədən yanacağına tələbatı bütün sektor və ölkələrdə zəiflətmişdi və COVID-19 pandemiyası bunu sürətləndirdi. “İndi biz bütünlükdə yanacağa tələbatın zəiflədiyini görürük”, – o vurğulayıb.
Proqnozlar
“Reuters” yazır ki, bəzi proqnozlarda karantin qadağaları qaldırılan kimi tələbatın artacağı bildirilir.
Ancaq Carbon Tracker-in araşdırması daha geniş miqyasda nəzərdən keçirilir, iqlim dəyişikliyini beynəlxalq tənzimləmə təşəbbüslərini məlumatla təchiz edir. Bu təşəbbüslərə BMT-nin elçisi, “Bank of England”ın keçmiş rəhbəri Mark Carney liderlik edir.
Hesabatda vurğulanır ki, mədən yanacağına tələbin azalması üstəgəl investorlar üçün riskin yüksəlməsi neft, qaz və kömür ehtiyatlarının dəyərini 60 faizdən çox azadlda, qlobal iqtisadiyyatı sarsıda bilər.
“Qarşısıalınmaz tənəzzül tələb zəifləyəndə başlayır. Məsələn, kömürə qlobal tələbat 2013-cü ildə zəiflədi və heç vaxt əvvəlki səviyyəyə qalxmadı”, – Kingsmill Bond “Frans Pres”ə deyib.
Hələ koronavirus pandemiyasından qabaq bir çox təhlilçilər neft və qaza qlobal tələbatın 2020-ci illərin ortalarında zəifləyəcəyini deyirdilər. Beynəlxalq Enerji Agentliyi isə onilliyin sonuna yaxın neftə tələbatın sabitləşəcəyini proqnozlaşdırırdı.