Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:40

Rusiyada antigey siyasi reklamı hazırlanıb


Rusiyada LGBT icmasının yürüşü, arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxsə məxsus media qrupunda antigey siyasi reklamı yayılıb. Bu, Putinin 2036-cı ilədək hakimiyyətdə qalacağına yol açacaq konstitusiya dəyişiklikləri üzrə səsvermədən öncəyə təsadüf edir.

Patriot Media Qrupunun hazırladığı video bu həftədən sosial mediada yayılıb. Videoda gənc oğlan onu övladlığa götürmüş ananın əslində makiyajda gəzən gey kişi olduğunu öyrənib məyus olur.

Oğlanla kişinin münasibətinə göz qoyan, internatda işləyən yaşlı qadın ikrah hissiylə yerə tüpürür.

“Bu, sizin seçəcəyiniz Rusiyadır? Ölkənin gələcəyinə qərar verin. Konstitusiyaya dəyişikliklərə səs verin”, – videonun sonunda gey cütlük qucaqlaşanda kadrarxası səs eşidilir.

Əsas ideya...

Ərzaq biznesinə görə “Putinin aşpazı” ləqəbli Yevgeny Prigozhin Patriot-un qəyyumlar şurasının rəhbəridir. O, 2016-cı il seçkilərinə müdaxilədə roluna görə Birləşmiş Ştatların sanksiyaları altındadır.

30 minədək baxış yığmış video homofobik mesajına görə tənqid olunur.

Tanınmış müxalifətçi Aleksei Navalny tvitində yazıb ki, Rusiyada məmurlar homoseksuallıq mövzusunda “tamam başlarını itiriblər”.

Patior rəhbəri Nikolai Stolyarchuk isə reklamın lesbian, gey, biseksual və transgender (LGBT) icmasını hücumu məruz qoyması fikrini rədd edib.

“Əsas ideya LGBT icmasıyla savaş deyil, ailə institutunu kişi və qadın birliyi olaraq qorumaqdır”, – Stolyarchuk deyib.

İyulun 1-də səsvermədir

İyulun 1-də rusiyalılar konstitusiyaya dəyişikliklərə səs verəcəklər. Dəyişikliklərə görə, Putinin əvvəlki prezidentlik müddətləri sıfırlana, o, 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizədliyini verə bilər.

Dəyişikliklərdə nikah kişi və qadın birliyi kimi tanınır, yəni eynicinsli nikahlara qadağa möhkəmlənir.

Eyni zamanda rus dili dövlət dili elan olunur, “tarixin saxtalaşdırılması” qadağan edilir.

Dəyişikliklər ya ümumilikdə qəbul olunmalı, ya da rədd edilməlidir.

2012-ci ildə prezidentliyə qayıdan Putin “ənənəvi dəyərləri” təbliğ edib, “azyaşlılar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” kriminallaşdırılıb.

Bu qanun LGBT icmasının bir çox üzvlərini Rusiyadan çıxmağa vadar edib.

Siyasi reklamda geylərdən birini oynayan Aleksandr Filimonenko deyib ki, videodan necə istifadə olunacağını bilməyib. O sadəcə, iki videoda oynamağı qəbul etdiyini deyib, videolardan biri hələ yayımlanmayıb.

Aktyorun sözlərinə görə, vətəndaşları konstitusiya dəyişikliklərinə səs verməyə çağıran səs videoya sonradan əlavə olunub və o, təklif olunan dəyişikliklərin əleyhinə səs verəcək.

XS
SM
MD
LG