Dünyada koronavirusdan ölü sayı 375 mini keçib. Bəzi regionlarda yoluxmalar azalsa da, digərlərində virus sürətlə yayılmaqdadır.
İyunun 1-də 225-dən artıq indiki və keçmiş vəzifəli, tanınmış şəxs dünyanın 20 böyük iqtisadiyyatının liderlərini təcili yığışaraq pandemiyayla mübarizə üçün 2,5 trilyon dollarlıq plan hazırlamağa çağırıblar. Plan əsasən inkişaf etməkdə olan və ortagəlirli ölkələr üçün nəzərdə tutulur.
Məktubda deyilir ki, Böyük 20-lik dünya ÜDM-nin 85 faizini təşkil edir və “tələb olunan miqyasda resursları səfərbər etmək gücünə malikdir”.
“Liderləri dərhal bunu etməyə çağırırıq”, – məktubda vurğulanır.
Məktubu imzalayanlar sırasında 75-dən çox keçmiş lider, üç Nobel sülh mükafatı, dörd Nobel iqtisadiyyat mükafatları laureatları, BMT-nin keçmiş baş katibi Ban Ki-moon, maliyyəçi George Soros, Dünya Bankının keçmiş prezidenti James Wolfensohn, NATO-nun keçmiş baş katibi Javier Solana, iqtisadçılar, humanitar və səhiyyə ekspertləri var.
Yeni Zelandiya, Pakistan
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iyunun 2-də bildirib ki, gələn həftədən qalan qadağalar da qaldırıla bilər. Ölkənin virusa qalib gəldiyi vurğulanır. Artıq 11-ci gündür Yeni Zelandiyada virusa yoluxma aşkarlanmır.
Pakistanda isə yoluxmaların sürətlə artmasına baxmayaraq, Baş nazir Imran Khan elan edib ki, hökumət bir neçə aydır qüvvədə olan qadağaları ləğv edəcək. Bu arada hökumətdən mediaya sızdırılmış məlumata görə, Pakistanın 11 milyon əhalisi olan ikinci böyük şəhəri Lahorda yoluxanların sayı 670 min 800-ə yaxındır.
Pakistan indiyədək rəsmən 72 min yoluxma, 1543 ölü sayı açıqlayıb.
Avropada koronavirusda ən çox qurban vermiş Britaniyada 39 mindən artıq təsdiqlənmiş yoluxma qeydə alınıb. Hökumət karantin qaydalarını tədricən yumşaltsa da, əldə olunan uğurun kövrəkliyi, sürətli yumşalmanın yoluxmalarda ikinci dalğaya səbəb olacağıyla bağlı xəbərdarlıq edirlər.
Rusiyada qadağalar iyunun 1-dən yumşaldılıb. Ancaq ötən 24 saat ərzində 9 minə yaxın yeni yoluxma, 182 ölüm qeydə alınıb. Ümumi yoluxma sayı 424 minə yaxınlaşır, ölü sayı 5 mini keçib.
Braziliyada yoluxma sayı 526 min nəfərdir. Birləşmiş Ştatlar isə 1,8 milyon nəfərlə öndə gedir.