Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:23

Avtomobil şirkətlərinə zərbə, təyyarəyə minmək qaydaları – Qərb mediası


Arxiv fotosu

“Financial Times” qəzeti Almaniyada nəhəng avtomobil şirkətlərinin istehsalı azaltmasının Mərkəzi Avropa ölkələrinə təsirini araşdırıb. Məsələn, Macarıstandakı Nemak Gyor bu səbəbdən 180 nəfəri, yaxud işçi qüvvəsinin 20 faizə qədərini ixtisar etməli olub.

“Onlar zavodları bir neçə həftə bağlamalı oldular, həmin dövrdə bizə ehtiyat hissələr sifariş etmədilər və biz də istehsalı dayandırdıq”, – şirkətin baş maliyyə direktoru Gabor Mersich qəzetə deyib.

“Tamamilə bağlandılar”

Qəzet yazır ki, Almaniya Mərkəzi Avropanın ən böyük ticarət tərəfdaşı olduğundan bu ölkənin sənayesində yavaşıma böyük bir təchizat zəncirinə təsir göstərir.

İqtisadçıların fikrincə, Avropanın iqtisadi mühərrikinin yavaşıması regionun karantindən çıxmağa çalışan iqtisadiyyatlarına zərbə vuracaq.

Qısa müddətdə təsirin daha ağrılı olacağı gözlənir. Bazar ertəsi Çexiya və Polşada açıqlanmış indekslər mayda hər iki ölkədə sənayenin kəskin azaldığını üzə çıxarıb. Almaniyanın avtomobil sənayesi total həcminin 45 faizi qədər azalıb. Bu sənayeyə bağlı ölkə və şirkətlər bundan özəlliklə ziyan görəcək, Münhendəki Ifo İnstitutunun məlumatına əsasən bunu demək olar.

BMW şirkəti artıq Macarıstana 1 milyard avroluq sərmayəni təxirə salıb. Apreldə Slovakiyanın avtomobil sənayesində istehsal isə bir il öncəkinin 18 faizi həcmində olub. Bratislavadakı Slovenska Sporitelna bankının iqtisadçısı Katarina Muchova aprelin avtomobil sektoru üçün ən pis ay olduğunu deyir. “Onların çoxu tamamilə bağlandılar”, – o deyir.

Təyyarə ilə səyahətin şərtləri

Maska taxmaq, temperaturun yoxlanması, təyyarənin dezinfeksiya edilməsi: Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) dünən – iyunun 1-də hava nəqliyyatı sənayesi üçün sağlıq tövsiyələrini açıqlayıb.

Protokolu BMAT ilə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası birlikdə hazırlayıblar.

“Frans Pres” agentliyi yazır ki, 2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlarda tətbiq olunmuş təhlükəsizlik tədbirlərindən bəri belə dəyişikliklər təklif olunmayıb.

Aeroportlara gedən sərnişinlər sağlamlıq haqqında arayış təqdim etməli, ilkin temperatur yoxlamasından keçməlidirlər. Aeroportda onlayn qeydiyyatdan keçməyə üstünlük verilir.

Təhlükəsizlik yoxmalasından keçid qaydalarına da yenidən baxılmalıdır ki, fiziki təmas, növbə gözləmək azalsın.

Kontaktsız texnologiya, üz, yaxud gözün skan olunması tövsiyə olunur.

“Bu, əməkdaşlarla sərnişinlər arasında səyahət sənədlərinin yoxlanması ehtiyacını aradan qaldıracaq, yaxud ciddi şəkildə azaldacaq”, – protokolda vurğulanır.

Sərnişinlərə mümkün qədər az, bircə əl yüküylə səyahət etmək tövsiyə olunur. Daha təyyarədə oxumağa qəzet, yaxud jurnal verilməyəcək, rüsumsuz (duty-free) satışlar məhdudlaşdırılacaq.

Təyyarədə və terminallarda maska taxmaq məcbur olacaq, azı bir metrlik məsafə gözlənməsi tövsiyə edilir.

XS
SM
MD
LG