Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Sərhəd toqquşmasında onlarla yaralanan var


Hadisə yeri
Hadisə yeri

Qırğızıstan və Özbəkistan vətəndaşları arasında mübahisəli sərhəd regionunda baş verən son toqquşmalarda onlarla yaralanan olub.

Qırğızıstan Səhiyyə Nazirliyinin iyunun 1-də verdiyi açıqlamaya görə, bir gün öncə ölkənin cənubundakı Batken regionunda, Özbəkistanın Soh eksklavı yaxınlığında toqquşmalarda 25 qırğızıstanlı xəsarət alıb.

Yaralılardan dördünün Aydarken şəhərində xəstəxanaya yerləşdirildiyi, ikisinin əməliyyatdan sonrakı vəziyyətinin ağır olduğu bildirilir.

Eksklav sakinləri AzadAvropa/AzadlıqRadiosuna bildiriblər ki, toqquşmalarda 16 yerli sakin yaralanıb. Özbəkistan tərəfdən bu məlumat rəsmən təsdiqlənməyib.

Özbəkistan Sərhəd Mühafizə Xidməti mayın 31-də vəziyyətin nəzarətdə olduğunu bildirmişdi.

Evlərə od vurulub

İnsident mayın 31-də günorta saatlarında qızışıb. Qırğızıstana və Özbəkistana aid iki kəndin sakinləri ərazidəki bulağın hansı tərəfə məxsus olması haqda mübahisə ediblər.

AzadlıqRadiosu-nun hadisə yerində olan əməkdaşlarının bildirməsinə görə, kəndlilər bir-birinə daş atmağa başlayıblar, sonra hər iki tərəfdə bir neçə evə od vurulub.

Qırğızıstan hökumətinin mətbuat xidmətinin iyunun 1-də bildirməsinə görə, Baş nazirin müavini Kubatbek Boronov Özbəkistanın Baş naziri Abdula Aripov ilə ərazidəki sərhəd keçid məntəqəsində görüşərək gərginliyi yoluna qoymağı müzakirə ediblər.

1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyadakı keçmiş sovet respublikaları arasında bir sıra sərhəd əraziləri mübahisəlidir.

Fərqanə vadisindəki saysız eksklavlarda durum özəlliklə mürəkkəbdir. Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhədləri burada kəsişir.

2013-cü ildə Sohda sərhəd keçid məntəqələri həftələrlə bağlı qalmışdı, yerli sakinlər yeni qırğız sərhəd postuna elektrik xəttinin çəkilməsinə görə Qırğızıstan sərhədçiləri ilə toqquşmuşdu.

O zaman beş Soh sakininin Qırğızıstan sərhədçiləri tərəfindən yaralandığı, bundan sonra azı 30 qırğızıstanlının girov götürüldüyü bildirilirdi.

XS
SM
MD
LG