Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 00:39

Avropada qadağalar yumşaldılır, virus Asiyaya qayıdır


İtaliyada çimərlik
İtaliyada çimərlik

Avropanın bəzi ölkələrində koronavirus qadağaları yüngülləşdirildiyi bir vaxtda Asiyanın müəyyən yerlərində qadağalar yenidən tətbiq olunur. Bütün bunlar pandemiyanın bu tezliklə başa çatmayacağını göstərir.

Artıq dünya üzrə COVID-19 xəstəliyindən ölənlərin sayı 360 mini keçib, 5,8 milyondan artıq təsdiqlənmiş yoluxma qeydə alınıb.

Vaxtilə aqressiv izləmə və testlərlə pandemiyanın qarşısına aldığına görə alqışlanan Cənubi Koreyada mayın 29-da 200-dən artıq məktəb bağlanıb, şagirdlər onlayn təhsilə qayıdıblar.

Bağlanan məktəblərin çoxu Seuldan kənardadır. Elektron ticarət malları anbarında işçilər arasında virus yayılıb və səbəb kimi sağlamlıq tədbirlərinin görülmədiyi bildirilir.

Mayın 29-dan Cənubi Koreyada muzeylər, parklar, incəsənət qalereyaları yenidən bağlanıb, şirkətləri çevik iş saatlarına keçməyə çağırırlar.

Yaponiyada da yeni infeksiya dalğası başlanıb. Cəmi bir neçə gün qabaq Baş nazir Shinzo Abe fövqəladə vəziyyəti ləğv etmişdi.

Avropada yumşalma gedir

Avropada isə yoluxma və ölüm hallarında davamlı azalma müşahidə olunur. Fransanın Baş naziri Edouard Philippe mayın 28-də bəzi qadağaların qaldırıldığını elan edib. Onun sözlərinə görə, iyunun 2-dən restoranlar bayır terraslarda xidmət göstərə bilərlər. Gələn həftədən muzeylər də açılır, ancaq üz maskalarının taxılması zəruridir.

Printemps ticarət mərkəzi mayın 27-dən açılıb.

Philippe vətəndaşları sosial məsafə qaydalarını gözləməyə, əllərini tez-tez yumağa çağırıb.

Britaniya da gələn həftədən məktəbləri açmağa hazırlaşır. Mağazalar da açılmalıdır.

İngiltərə Premyer Liqası və İtaliyanın Serie A liqası iyunun ortasından azarkeşlərin iştirakı olmadan oyunları bərpa edəcəyini bildirib.

Rusiya 380 min təsdiqlənmiş yoluxma ilə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdədir. Moskva hakimiyyəti isə apreldə paytaxtda virusdan ölənlərin sayı iki dəfə artırıb. Moskvada apreldə 639 nəfərin COVID-19-dan öldüyü bildirilirdi, indi bu rəqəm 1561-ə qaldırılıb.

Rəsmilərin bildirməsinə görə, yeni rəqəmə ən “ziddiyyətli, mübahisəli” hallar da daxildir.

Rusiyada rəsmi ölü sayının 4 min 142 olduğu bildirilir, ancaq bu rəqəm mütəxəssislər arasında sual doğurub.

İşsizlik, aclıq

Birləşmiş Ştatlarda koronavirusdan ölü sayı 101 mini, işsizlərin sayı isə 40 milyonu keçib. Braziliya isə birinci rübdə 5 milyon iş yerinin bağlandığını açıqlayıb.

ABŞ-da ölü sayı azaldıqca bir çox ştatlar iqtisadiyyatı açmağa başlayır. Səhiyyə ekspertləri isə bunu sürətlə etməmək xəbərdarlığı edir.

Latın Amerikası hazırda pandemiyanın qaynar nöqtəsi sayılır, Braziliyada ölü sayı 26 mini keçir. Çili mayın 28-də rekord sayda ölüm açıqlayıb.

BMT rəhbəri isə inkişaf etməkdə olan dünyada koronavirus ucbatından irimiqyaslı aclıq xəbərdarlığı edib. Antonio Guterres mayın 28-də deyib ki, COVID-19 pandemiyası “dünyada ağlagəlməz fəlakət və əziyyətə” səbəb olacaq, aclıq və işsizlik geniş yayılacaq.

Guterres qlobal miqyasda təcili tədbir görməyə çağırıb, deyib ki, epidemiya “qlobal hasilatda 8,5 trilyon dollarlıq itkiyə səbəb ola bilər və 1930-cu illərin Böyük Depressiyasından bəri ən kəskin azalmadır”.

Apreldə Böyük 20-lik qrupu və hökumətlərə kredit ayıran Paris Klubu 77 ən yoxsul ölkənin ikitərəfli borc ödənişlərini ilin sonunadək təxirə salmağı təklif edib. İndiyədək 22 ölkə ödənişin təxirə salınması xahişini edib.

XS
SM
MD
LG