Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Sərt xətt tərəfdarı İran parlamentinin spikeri seçildi – Qərb mediası


Mohammad Bagher Ghalibaf (ortada)
Mohammad Bagher Ghalibaf (ortada)

Tehranın keçmiş meri bu gün – mayın 28-də İran parlamentinin spikeri seçilib. Mohammad Bagher Qalibaf İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı şəxsdir və parlamentə sərt xətt tərəfdarlarının nəzarətini gücləndirmiş olur.

Qalibaf 12 il İran paytaxtının başçısı olub, bir neçə dəfə prezidentliyə namizədliyini verib. Mer vəzifəsində ikən Tehranda metro tikintisini gücləndirib, çoxmərtəbəli binaların tikintisini dəstəkləyib.

Ancaq “The Associated Press” yazır ki, çoxları onun İİKK generalı kimi 1999-cu ildə İranda universitet tələbələrinə qanlı divantutmaya dəstəyini xatırlayır. Onun 2003-cü ildə, ölkənin polis rəisi vəzifəsində olarkən iranlı tələbələrə odlu silahdan atəş əmri verdiyi iddia olunur.

58 yaşlı Qalibaf spiker vəzifəsində Ali Larijani-ni əvəzləyəcək. Larijani 2008-ci ildən mayadək parlamentin spikeri olub. Ali dini lideri Ali Khamenei Larijani-ni müşavir və Məsləhət Şurasının üzvü təyin edib.

İran parlamenti illik büdcəni müzakirə edir, hökumət nazirlərini impiçment etmək səlahiyyətinə malikdir. Ancaq bu orqanın qəbul etdiyi qanunları 12 üzvü olan Ekspertlər Şurası təsdiqləməlidir və bütün dövlət işlərində son söz Khamenei-yə məxsusdur.

Qalibaf-ın keçmişi

Spiker həm də Ali Milli Təhlükəsizlik Şurasının üzvüdür. Bu qurum müdafiə və nüvə məsələlərini idarə edir. ABŞ dünən İranın nüvə proqramından güzəştləri dayandırıb.

Bu gün İİKK-nın donanma başçısı Admiral Ali Reza Tangsiri Bandar Abbas liman şəhərində 112 yeni gəmini işə salarkən Birləşmiş Ştatlara xəbərdarlıq səsləndirib.

“Bu gün biz elan edirik ki, amerikalılar harda olurlarsa-olsunlar, biz də düz orada onların yanında olacağıq və onlar bunu gələcəkdə daha çox hiss edəcəklər”, – Tangsiri deyib.

Qalibaf İraqla 1980-ci illərdəki müharibədə pilot kimi xidmət göstərib. Münaqişədən sonra İİKK-nın tikinti qanadına rəhbərlik edib, bir neçə il ölkədə quruculuq işləri aparılıb.

Daha sonra İİKK-nın hava qüvvələrinə başçılıq edən Qalibaf 1999-cu ildə islahatçı Prezident Mohammad Khatami-yə məktubun müəlliflərindən idi. O zaman ölkədə islahatçı qəzetin bağlanmasına qarşı tələbə etirazları gedirdi. Məktubda Khatami-yə xəbərdarlıq olunurdu ki, o, nümayişləri yatırtmağa razılaşmasa, İİKK birtərəfli addım atacaq.

Etirazların yatırdılması zamanı bir neçə nəfər öldürüldü, yüzlərlə tələbə yaralandı, minlərlə etirazçı həbs olundu.

Sonradan İran polisinə başçılıq edən Qalibaf bu qüvvələri modernləşdirdi və fövqəladə hallar üçün 110 telefon nömrəsini işə saldı.

Qalmaqallı səs yazısı

Qalibafın İİKK-nın könüllü Bəsic qüvvələri üzvləri ilə görüşünün səs yazısı sızdırılmışdı. Orada Qalibaf iddia edirdi ki, 2003-cü ildə nümayişçilərə atəş açmaq göstəriş verib. O, həmçinin 2009-cu il Yaşıllar Hərəkatı etirazçılarına qarşı zorakılığı alqışlayırdı.

2017-ci ildə prezident seçkisi debatında Prezident Hassan Rouhani 2003-cü ildəki insidentə eyham vurmuşdu.

Mer vəzifəsində isə Qalibafa korrupsiya iddiaları səsləndirilib. Məsələn, həyat yoldaşının idarə etdiyi fonda 3,5 milyon dollarlıq ianə etdiyi deyilirdi.

Vaşinqtondakı Nüvə İranına Qarşı Birlikdə qrupunun siyasət direktoru Jason Brodsky yazır ki, Qalibaf parlamentdə səsverməni udmasına baxmayaraq, həmkarlarının şübhələrindən yaxasını qurtara bilməyəcək.

“Bəzi fraksiyalar ona şübhəylə yanaşırlar, çünki belə şayiələr yayılıb ki, Qalibaf spikerlikdən 2021-ci ildə prezidentliyə namizədliyini vermək üçün istifadə etmək istəyir”, – Brodsky bildirir.

XS
SM
MD
LG