Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:44

Koronavirus bağırsaqlara belə təsir göstəririr


Tehranda restoran aşpazı
Tehranda restoran aşpazı

İranda tibb ekspertləri respirator deyil, bağırsaq infeksiyalarının əlamətləri olan koronavirus xəstələrinin sayının artdığını bildirir. Tədqiqatçılar da deyirlər ki, koronavirus təkcə ağciyərlərə deyil, bağırsaqlara da təsir göstərə bilər.

AzadAvropa/AzadlıqRadiosu-nun məqaləsində deyilir ki, Çindən və Birləşmiş Ştatlardan bu yaxınlarda əldə olunmuş tibbi dəlil də bağırsaq xəstəliyi əlamətləri ilə koronavirus yoluxmalarının mövcudluğunu göstərirdi. Bu xəstələrdə respirator simptomlar üzə çıxmırdı. Hazırda dünyanın müxtəlif yerlərində tibb tədqiqatçıları bu fenomeni araşdırırlar.

Simptomlar dəyişir?

“Əvvəllər COVID-19 öskürək, təngnəfəslik, yüksək qızdırma simptomları ilə müşayiət olunurdu. Pandemiyanın ilk iki ayında bu simptomlar müşahidə olunurdu, indi isə COVID-19-un ən mühüm əlamətləri bağırsaqla bağlıdır”, – İranın koronavirus üzrə işçi qrupunun üzvü Mohammad Reza Mahboubfar deyib.

Mahboubfar-ın sözlərinə görə, həm yaşlı, həm də uşaqlarda əsas əlamətlər kəskin ishal, qarın ağrıları, ürəkbulanması, qusma, iştahanın azalması, iybilmənin itməsidir. Bu xəstələrin ya az qızdırması da olur, ya da heç olmur. O deyir ki, bu amil rəsmi COVID-19 statistikasına da təsir göstərə bilər, çünki respirator simptomları olmayanlar bu statistikaya salınmır.

İranın şimalındakı Babil şəhəri martda koronavirusun ən çox yayıldığı məkanlardan idi. Babil Tibb Elmləri Universitetindən Seyed Hassan Abedi deyir ki, indi oraya respirator simptomlarla daha az xəstə yatırılır. Babildə COVID-19 xəstələrinin 25 faizə qədərinin bağırsaq simptomları var və onların içində ishal ən kəskinidir.

Tehrandakı Shahid Beheshti Universitetindən Seyed Reza Fatemi COVID-19 xəstələrinin yarıya qədərinin bağırsaq simptomları olduğunu deyib.

İranda uşaqlar da daxil iflic halları da koronavirusla əlaqələndirilir.

“COVID-19 nəticəsində oksigen çatışmazlığı və iltihab arteriyaların tromblaşması ilə sonuclanır və beyin iflic olur”, – Tehran Tibbi Elmlər Universitetindən Dr. Mahmoud-Reza Ashrafi deyib.

Məqalədə deyilir ki, hələ epidemiya ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılandan həkimlər COVID-19-un bağırsaq simptomlarından xəbərdar idilər.

4 faiz 10 faizə çatıb

Birləşmiş Ştatlarda koronavirusa ilk yoluxanda iki gün ərzində ürəkbulanma, qusma və ishal, eyni zamanda respirator simptomlar qeydə alınıb.

Virus xəstənin burnu və boğazından götürülmüş yaxmada, eləcə də nəcisində aşkarlanıb.

İlkin araşdırmalara görə, COVID-19 xəstələrinin 4 faizindən də azında bağırsaq simptomları olur. Son tədqiqatda isə bu göstərici 10 faizdən də çox, ümumi koronavirus yoluxmalarının hətta 60 faizi kimi göstərilir.

Britaniyanın York Universiteti nəzdindəki Hull York Tib Məktəbinin proqram direktoru Dr. Martin Veysey bildirir ki, koronavirusun ağciyərlərlə yanaşı bağırsağa da təsir göstərdiyi şübhəsizdir.

“Virusun bədənimizdə hücum etdiyi molekul – ACE2 təkcə ağciyərlərimizdə deyil, bağırsağımızda da var”, – Veysey Dünya İqtisadi Forumunun COVID Hərəkət Platformasında izah edib.

Britaniyanın “Gut” tibb dərgisində dərc olunmuş araşdırmaya görə, koronavirus xəstələrinin yarısının nəcisində də virus aşkarlanıb.

Tibb ekspertlərinin gəldiyi qənaət belədir ki, bağırsaq yolları da virusu yayır, xəstəliyi insandan insana ötürür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG