Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:04

Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub


1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

"İndiyədək 681 tibb işçisi koronavirusa yoluxub". Bunu bu gün, mayın 22-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı nəzərə çatdırıb ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edib: "Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. İndiyə qədər 4 həkim vəfat edib".

Verilən məlumata görə, elə son gündə vəfat edənlərdən biri də 1962-ci il təvəllüdlü, Gəncə şəhərində fəaliyyət göstərən həkim olub.

106 yeni yoluxma, iki ölüm

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Bu barədə bugün, mayın 22-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1962-ci il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 259 min 155 test aparılıb.

'Baku Steel Company'nin 86 işçisində koronavirus aşkarlanıb

"Baku Steel Company"nin 86 işçisində koronavirus aşkarlanıb. Qurumun Sumqayıt filialında isə 12 yoluxma faktı qeydə alınıb.

Bunu da mayın 22-də Nazirlər Kabineti yanında Operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, hazırda həmin qurumda epidemioloji vəziyyəti stabilləşdirmək mümkün olub.

Mətbuat konfransında vurğulanıb ki, yeni yoluxanların təqribən 20 faizi xaricdən gətirilən ölkə vətəndaşlarıdır.

Telekanalın 3 əməkdaşı koronavirusa yoluxub

"Bir telekanalın 3 əməkdaşının koronavirusa yoluxduğu təsdiqini tapıb".

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, həmin telekanalın başqa əməkdaşları da testdən keçirilib, nəticələr yaxın günlərdə açıqlanacaq.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 226 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 335 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG