Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Rusiyadan çıxa və... gedə bilməyən miqrantlar


Qırğızıstanlı miqrantlar Şeremetyevo aeroportunda
Qırğızıstanlı miqrantlar Şeremetyevo aeroportunda

Orta Asiyadan yüzlərlə miqrant bir neçə gündür Rusiya-Qazaxıstan sərhəd-keçid məntəqələrində qalıb. Koronavirus pandemiyası ucbatından Rusiyada işlərini itirmiş bu şəxslər ölkələrinə qayıtmağa çalışırlar.

AzadAvropa/AzadlıqRadiosu yazır ki, iş istəyən minlərlə miqrant ölkəsinə qayıda bilmədiyi bir vaxtda doğma yurdlarında minlərlə gələcək miqrant Rusiyaya getməyə can atır.

Miqrantların çoxu Qazaxıstan sərhədinə mayın əvvəlində yığışıb, güman ediblər ki, Qazaxıstan mayın 11-də sərhədləri açacaq, fövqəladə vəziyyətin başa çatdığını elan edəcək.

Qazaxıstan özbək, qırğız, tacik miqrantlar üçün Rusiyaya aparan əsas tranzit marşrutudur.

“Qazaxıstan sərhədi bağlıdır”, – Rusiyanın Samara regionunda miqrantlardan biri radionun Özbəkistan xidmətinə deyib.

“Buraya Özbəkistandan 400-500 nəfər yığışıb”, – özünü Farrukh kimi təqdim edən miqrant söyləyib.

“Son qəpik-quruşumuzu xərcləyirik”

Radionun əldə etdiyi videolarda Maştakovo sərhəd-keçid məntəqəsində qadınlar və uşaqlar daxil xeyli insanın Özbəkistan hökumətindən onları evlərinə çatdırmaq üçün kömək istədiyi görünür.

“Son qəpik-quruşumuzu ərzaq və suya xərcləyirik, heç nəyimiz yoxdur. Rusiya miqrantların getməsinə icazə verir, amma Qazaxıstan bağlıdır”, – bir qadın gileylənib.

Çoxları acınacaqlı şəraitdə olan düşərgələrdə qalır.

Rusiya-Qazaxıstan sərhədi boyunca digər keçid məntəqələrində də oxşar durum yaranıb. Bəzi qırğız miqrantların sərhədə piyada getdikləri bildirilir.

Bəzi yerlərdə Rusiya hökuməti miqrantlara çadır paylayıb, digərləri öz maşınlarında yatır.

Özbəkistanın Xarici İşlər Nazirliyi mayın 14-də bildirib ki, vəziyyəti həll etməyə çalışırlar, diplomatları Rusiya və Qazaxıstan rəsmi orqanları ilə əlaqə saxlayır.

“Vətəndaşlarımızın Qazaxıstandan keçərək evə qayıtmaq planlarından xəbərdar idik, onlar xəbərdarlıq etmişdik ki, belə etməsinlər”, – TASS xəbər agentliyi mayın 13-də özbəkistanlı diplomatlara istinadla yazırdı.

Xarici İşlər Nazirliyi elan edib ki, hökumət mayın 14-də və 24-də özbəkistanlıların ölkəyə qayıtması üçün Daşkəndlə Rusiya şəhərləri arasında yeddi uçuş təşkil edəcək.

Qırğızıstanın Rusiyadakı səfəri Alikbek Jekshenkulov isə deyib ki, 400-dək qırğızıstanlını Rusiya təyyarəsi ilə vətənə qaytarmağa ümid edirlər.

Rusiya təyyarəsi mayın 17-də Bişkekə uçaraq Rusiya vətəndaşlarını Qırğızıstandan çıxarmalıydı.

Surquta gedə biləcəyi günü gözləyir

Rusiyada Qırğızıstan, Tacikistan və Özbəkistandan milyonlarla miqrant işləyir. Bu Orta Asiya ölkələrində 1990-cı illərin əvvəllərindən işsizlik böyük problemdir.

Dünyada koronavirusa yoluxmalar üzrə Rusiya hazırda ikinci yerdədir. Ölkədə miqrantların əsas iş yerləri olan tikinti sahələri, zavodlar bağlanıb.

Bu arada Orta Asiyada yüzlərlə insan Rusiyaya getməyə ümid bəsləyir. Tacikistanın cənubundakı Xatlon vilayətində Shorahmat Alimov deyir ki, sərhədlərin nə vaxt açılacağı ilə bağlı xəbərləri daim izləyir, Rusiyanın Surqut şəhərinə gedə biləcəyi günü gözləyir. Orta Asiyadan miqrantlar əsasən həmin şəhərə üz tuturlar.

“İndi koronavirus hər yerdədir. Tacikistanda həm virus, həm də aclıqla mübarizə aparıram. Mən şansımı sınayıb Rusiyaya iş dalınca getmək istəyirəm”, – Alimov deyib.

İndilik, Rusiya və Orta Asiya ölkələrinin sərhədləri nə vaxt açılacağı rəsmən elan olunmayıb. Son həftələr Rusiyada günə 10 mindən çox yoluxma qeydə alınır. Hökumətin dörd üzvündə COVID-19 aşkarlanıb.

Rusiyadan qayıtmaq istəyən yüzlərlə azərbaycanlı da iki aya yaxındır sərhəddə qalıb. Onlar əsasən Dağıstana – Azərbaycan-Rusiya sərhədinə yığışıblar. Azərbaycan rəsmiləri hökumətin xarici ölkələrdən geri qayıtmaq istəyən vətəndaşların gətirilməsi üçün gərəkən tədbirləri gördüyünü bildirir.

XS
SM
MD
LG