Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Urmiyə gölü 'qayıdır' – Qərb mediası


Urmiyə gölü
Urmiyə gölü

Dünyanın ən böyük duzlu göllərindən biri, son illər qurumaqda olan Urmiyə gölü deyəsən, yavaş-yavaş həyata qayıdır. Bu haqda “Forbes” dərgisində Dominic Dudley yazır.

Son illər insanların fəaliyyəti və güclü yağışlar, “vaxtilə dünyanın ikinci duzlu su hövzəsini yavaş-yavaş, amma qətiyyətlə özünə gətirir”, – BMT-nin İnkişaf Proqramının (UNDP) İrandakı rezident təmsilçisi Claudio Providas deyib. O, gölün xilası üzrə layihədə iştirak edir.

Urmiyədə suyun səviyyəsi quraqlıq, getdikcə çoxalan bəndlər səbəbindən azalırdı. Üstəlik, yerli fermerlər yeraltı su mənbələrini, çayların suyunu tükədirdilər. 2000-ci illərin ortalarından göl qurumağa başladı, 2014-cü ildə onun yerində kiçik bir hissə qaldı ki, həmin hissədə 500 milyon kubmetr su olduğu bildirilirdi. Dolu vaxtı gölün tutumu 30 milyard kubmetr idi.

Müəllif peyk təsvirlərində vaxtilə gölü düz ortadan bölən körpünün şimal hissəsində suyun göründüyünü yazır.

Gölün səthi böyüyür

Vaxtilə İran Orta Asiyadakı Aral dənizinə bənzər ətraf mühit fəlakəti gözləyirdi. 6 milyard ton duz və tozun ətrafa yayılacağı, fermer təsərrüfatlarını məhv edəcəyi, yerli əhalinin sağlamlığını təhdid edəcəyi bildirilirdi.

Gölün xilas proqramı 2013-cü ildə işə salınıb. O zaman göldən cəmi 500 kv km-lik bir hissə qalmışdı, halbuki vaxtilə 5 min kv.km idi. Artıq 2017-ci ildə gölün səthi 2.300 kv.km-ə çatıb. Urmiyə gölü monitorinq stansiyasının məlumatına görə, ötən ay gölün səthi artıq 3 min 134 kv.km olub.

Son həftələr İran mediası bu uğurla bağlı saysız məlumatlar paylaşıblar. Görünür, hakimiyyət əldə etdiyi irəliləyişi reklam etmək arzusundadır, çünki son illər ölkədə heç də hər yaxşı getmir.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan İran iqtisadiyyatı problemlər içindədir, son aylar neftin ucuzlaşması və Covid-19 pandemiyası da öz sözünü deyib.

Məqalədə göllə bağlı çox işlər görülməli olduğu vurğulanır. Belə ki, hədəf suyun səviyyəsini dəniz səthindən 1.274 metrlikdə saxlamaqdır. Ötən il göldə flaminqo kimi su quşlarının sayı 60 minə çatıb, halbuki ən pis vaxtlarda 4 minə düşmüşdü.

Gölün dirçəldilməsi beynəlxalq yardım sayəsində mümkün olub. Urmiyə Gölünün Bərpası Proqramını UNDP dəstəkləyib. Yerli icmalar da ona qatılıb. Yaponiya hökuməti 7 milyon dollara yaxın vəsait ayırıb. Yerli media ümumilikdə layihəyə 1 milyard dollar vəsait qoyulduğunu ehtimal edir.

XS
SM
MD
LG