Ermənistan məhkəməsi ölkənin keçmiş prezidenti Robert Kocharian-ı zaminə buraxmaqdan imtina edib.
O Ermənistanda konstitusiya quruluşunu devirməkdə və rüşvətxorluqda ittiham olunur.
Məhkəmə prosesi iki aylıq fasilədən sonra ötən həftə işə başlayanda onun vəkilləri və Ermənistanın üç keçmiş baş naziri Kocharian-ın azad edilməsi üçün petisiya vermişdilər.
Mayın 8-də keçirilən dinləmədə 65 yaşlı Kocharian bildirmişdi ki, yaşına və səhhətinə görə həbsxanada koronavirusa yoluxmaq riski ilə üz-üzədir.
O iddia etmişdi ki, təkadamlıq kamerada saxlanmasına baxmayaraq mövcud şərait ona “fiziki məsafə saxlamaq” imkanı vermir.
Kocharian-ın vəkillərinin bundan əvvəl müştərilərinin azad edilməsi üçün verdikləri petisiya da rədd edilmişdi.
Prokurorlar Kocharian-ın zaminə buraxılmasına qarşıdırlar, çünki Ermənistana 1998-2008-ci illər arasında rəhbərlik etmiş bu şəxsin ədalətdən yayına biləcəyinə inanırlar.
Vəziyyəti “qənaətbəxşdir”
Keçmiş prezident mayın 12-də son 7 ayda ikinci dəfə xəstəxanada əməliyyat olunub.
Kocharian-ın ofisi onun səhhəti ilə bağlı detalları açmayıb, lakin bildirib ki, hazırda eks-prezidentindurumu “qənaətbəxşdir”.
O mayın 13-də keçirilən dinləmədə şəxsən iştirak etmirdi.
Əslən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən olan Kocharian 2008-ci ildə öz həmyerlisi Serj Sarkisian-ın Ermənistan prezidenti seçilməsinə qarşı kütləvi etirazları yatırmaq üçün fövqəladə vəziyyət elan etmişdi.
Hüquqşünaslar insan tələfatı ilə nəticələnmiş bu addımı ölkənin konstitusiya quruluşunu devirməyə bərabər tuturlar.
Kocharian özünə qarşı ittihamları siyasi motivli adlandırır.
Məhkəmə mayın 19-da dinləməni davam etdirəcək.