Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:37

H.Abdullayev həbsdən alman deputatlara: 'Budurmu insan haqlarına hörmət?'


H.Abdullayev

Həbsdə olan keçmiş̧ deputat Hüseyn Abdullayev vaxtilə sığınacaq aldığı Almaniyanın Bundestaqının deputatlarına məktub göndərib. Məktubunda vurğulayıb ki, başqa əlacı qalmadığına görə bu addımı atmaq qərarına gəlib.

H.Abdullayev bildirir ki, 2013-cü ildə Almaniyada siyasi sığınacaq alsa da, dövlətdən sosial yardım istəməyib.

İnterpolun qərarı olmadığı halda, Türkiyədə tutulub Azərbaycana təhvil verildiyini, üç ildən çoxdur həbsdə saxlandığını, mənəvi-psixoloji təzyiqlərə qaldığını vurğulayan sabiq deputat səhhətində ciddi problemlər yarandığından həyatının kritik təhlükəylə üz-üzə qaldığını bildirir. H.Abdullayev Almaniyanın onun ətrafında baş verənlərə reaksiyasından da narazılıq edir: "Almaniya dövlətinin qanunsuz həbsimə, zorakılıqla Azərbaycana gətirilməyimə olan reaksiyası yalnız səfirlik əməkdaşlarının məhkəməmdə iştirakı, mənimlə istintaq təcridxanasında bir dəfə görüşməsiylə məhdudlaşdı".

H.Abdullayev məktubunda alman deputatlardan bir sıra suallarına cavab istəyir: "Almaniya höküməti ilə Azərbaycandakı avtoritar rejim arasında hansı bilmədiyimiz münasibət var ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yumulur, saysız-hesabsız müraciətlərimə baxmayaraq, zəruri addımlar atılmır? Budurmu insan haqlarına, demokratiyaya və qanunun aliliyinə göstərilən hörmət və münasibət?".

H.Abdullayev həbsdə olduğu dövrdə Almaniya kansleri Angela Merkelə, bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerə bir neçə dəfə məktub göndərib.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

Multimedia

XS
SM
MD
LG