Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Trump keçmiş müşavirinin ‘təmizə çıxdığını’ deyir


Michael Flynn
Michael Flynn

ABŞ Prezidenti Donald Trump ölkənin hüquq-mühafizə agentlərinə qarşı yeni tənqid dalğası başladıb. Belə ki, onun keçmiş milli təhlükəsizlik müşaviri General Michael Flynn-in vəkilləri Federal Təhqiqat Bürosunun (FTB) daxili sənədlərini yayıblar. Onlar Flynn-in məhkumluğunun ləğvini istəyirlər.

2016-cı ildə Trump-ın seçki qərargahıyla Rusiya arasında mümkün əlbirliyin təhqiqatı başlananda Flynn ilk hədəflərdən idi. O, milli təhlükəsizlik müşaviri vəzifəsində cəmi 24 saat qala bildi, 2017-ci ilin fevralında Trump tərəfindən işdən çıxarıldı.

Flynn-in Rusiyanın Birləşmiş Ştatlardakı səfiri ilə ünsiyyəti haqda Vitse-prezident Mike Pence-yə yalan danışdığı üzə çıxmışdı. 2017-ci ilin dekabrında Flynn FTB-yə Rusiya səfiri ilə söhbətləri haqda yalan danışdığını boynuna aldı.

Amma Trump deyir ki, Flynn-in vəkillərinin açıqladığı sənədlərə əsasən o, keçmiş müşavirinin məhkəmədən bəraət alacağına inanır.

“Mən hakim deyiləm”

Bu baş verməzsə, Trump prezident səlahiyyətindən istifadə edərək Flynn-i əfv edəcəyinə eyham vurub.

“Gördüklərimə əsasən mənə elə gəlir ki, Michael Flynn təmizə çıxacaq. Mən hakim deyiləm, səlahiyyətim başqadır... Məncə, o bəraət alacaq”, – Trump aprelin 30-da Vaşinqtonda jurnalistlərə deyib.

Trump əvvəllər də Flynn-i əfv etməyi düşündüyünü deyirdi.

Aprelin 29-da və 30-da Trump Flynn haqda bir neçə dəstəkləyici tvit yazıb və keçmiş müşaviri barədə FTB-nin apardığı istintaqı pisləyib.

“Müharibə qəhrəmanı General Michael Flynn-in başına gələnlər Birləşmiş Ştatlar vətəndaşının başına heç vaxt gəlməməlidir”, – Trump tvitində yazıb.

Pence isə aprelin 30-da deyib ki, Flynn-in ona yalanı “bilərəkdən danışmadığına” “inanmağa meyllidir”.

Aprelin 30-da keçmiş müşavirin vəkilləri FTB-ni və ABŞ Ədliyyə Departamentini istintaq zamanı pozuntuya yol verməkdə suçlayıb.

Onlar möhürü qaldırılmış sənədlərə əsasən iddia ediblər ki, FTB Flynn-ə “qəsdən torba tikməyə” çalışıb. FTB 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsini araşdırırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG