Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 02:30

Çin COVID-19-la bağlı iddiaları rədd edir – Qərb mediası


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Koronavirus pandemiyasının Çinin Vuhan şəhərindəki laboratoriyadan qaynaqlandığı haqda iddiaların faktiki əsası yoxdur. Bunu “Reuters” agentliyinə laboratoriya başçısı deyib və əlavə edib ki, xəstəliyin haradan başlanması sualının qəti cavabı indilik bəlli deyil.

Konspirologiya nəzəriyyəçiləri iddia edirlər ki, dünyada 200 mindən çox insanın ölümünə səbəb olmuş SARS-CoV-2 Vuhan Virusologiya İnstitutunda (VVİ) hazırlanıb, xəstəlik də ilk dəfə bu şəhərdə aşkarlanıb.

“Heç nədən yaradılıb”

Elmi konsensusa görə, koronovirus təbii şəkildə təkamül edib. Amma iddialar səngimək bilmir. ABŞ Prezidenti Donald Trump aprelin 15-də dedi ki, hökuməti virusun Vuhanda laboratoriyadan qaynaqlanması məsələsini araşdırır.

VVİ-də professor və Milli Biotəhlükəsizlik Laboratoriyasının direktoru Yuan Zhiming deyir ki, laboratoriya haqda “qərəzli” iddialar “heç nədən yaradılıb” və bütün mümkün dəlillərə ziddir.

“VVİ-nin yeni koronavirus hazırlayaraq yaratmaq niyyəti və bacarığı yoxdur. Bundan başqa, SARS-CoV-2 genomunda onun insan tərəfindən yaradıldığını göstərən informasiya da yoxdur”, – professor agentliyin suallarına yazılı cavabında bildirir.

Hindistan Texnologiya İnstitutunun hazırladığı elmi işdə iddia olunurdu ki, koronavirusun İİV-lə “qəribə bənzərliyi” var. Sonradan bu sənədə çıxış mümkün olmadı. Bir çox alimlərsə deyirlər ki, SARS-CoV-2-nin qaynağı vəhşi heyvanlardır, yarasa və kələzin adı çəkilir.

“Yoluxucu xəstəliklərin 70 faizindən çoxu heyvanlardan, xüsusilə vəhşi heyvanlardan törəyib”, – Yuan deyib.

“Son illər insanlarla heyvanların sıx təmasının, qlobal iqlim dəyişikliyinin, insan fəaliyyətinin davamlı ekspansiyasının yaratdığı risklərin artdığını görürük”, – o, sözlərinə əlavə edib.

Alimlər indiyədək peyda olmuş yeddi insan koronavirusunun yarasa, siçan və ev heyvanlarından qaynaqlandığını deyirlər.

Təsadüfən sızma iddiaları da təkzib olunur

Yuan yarasadan tədqiqat məqsədilə götürülmüş koronavirusun bu yaxınlarda laboratoriyadan təsadüfən sızması haqda iddiaları da rədd edir, laboratoriyada biotəhlükəsizlik prosedurlarının sərt qorunduğunu bildirib.

“Reuters” epidemiyalar dövründə konspirologiya nəzəriyyələrinin yayılmasının adi hal olduğunu yazır.

2002-2003-cü illərdə SARS yayılanda Rusiya alimləri onun laboratoriyadan sızdığını deyirdilər. 1970-ci illərin sonlarında İİV/QİÇS baş qaldıranda isə bəzi siyasi qruplar iddia edirdilər ki, virusu hökumət alimləri “ərsəyə gətirib”.

Koronavirus ilk dəfə Vuhanda aşkarlananda Çində dolaşan iddialarda onun başqa yerdən qaynaqlandığı iddia olunurdu.

Çinin Xarici İşlər Nazirinin sözçüsü Zhao Lijian martda Twitter-də yazırdı ki, koronavirus Birləşmiş Ştatlardan çıxa bilər. Çinin sosial mediasında dolaşan spekulyasiyaya görə, virus Vuhana oktyabrda orada təşkil olunmuş Dünya Hərbi Oyunları zamanı keçib.

XS
SM
MD
LG