Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:20

Bill Gates: testi evdə də aparmaq olar – Qərb mediası


Bill Gates Afrikada uşağa peyvənd vurur, arxiv fotosu
Bill Gates Afrikada uşağa peyvənd vurur, arxiv fotosu

Bill & Melinda Gates Fondunun həmsədri, milyarder Bill Gates bloq yazısında koronavirus pandemiyası dövründə iqtisadiyyatı yenidən açmaq üçün gərəkən innovasiyalardan yazır. “The Washington Post” həmin postdan bəzi hissələri paylaşıb.

Gates yazır ki, Birləşmiş Ştatların, digər ölkələrin normal həyatı və biznesi bərpa etməsi üçün Covid-19 xəstəliyini aşkarlayacaq, müalicə edəcək və önləyəcək innovativ yeni alətlər lazımdır.

Testlər, kontaktların izlənməsi

Birincisi, testlərin aparılmasıdır. Hazırda koronovirus testlər burundan yaxma götürülməklə aparılır. Bu, tibb işçilərinin hər bir testdən öncə qoruyucu geyimini dəyişməsi deməkdur. Gates yazır ki, xəstələrin özlərinin apardığı testlərin də eyni dəqiq nəticələr verdiyi üzə çıxıb, həmsədri olduğu fond belə bir tədqiqaqtı dəstəkləyib.

Hazırda hazırlanmaqda olan daha bir diaqnostik test isə evdə aparılan hamiləlik testinə oxşayır. Burnunuzdan götürdüyünüz yaxmanı harasa göndərmək əvəzinə maye üzərinə qoyur, sonra mayeni kağız parçasının üstünə tökürsüz. Virus varsa, kağızın rəngi dəyişir. Bu testin bir neçə aya əlçatan olacağı bildirilir.

İnnovasiyanın gərəkdiyi daha bir sahə kontaktların izlənməsidir. Kiminsə testi pozitiv çıxırsa, səhiyyə işçiləri onun daha kimləri yoluxdura biləcəyini bilməlidir. Gates-in fikrincə, indilik, Birləşmiş Ştatlar Almaniyadan nümunə götürə bilər: testi pozitiv çıxanı sorğu-sual etmək və onun bütün kontaktlarını izləməklə. Bu bitkin bir üsul deyil, çünki yoluxan şəxs bütün kontaktlarını dəqiq verməyə bilər. Amma bunun bir yolu rəqəmsal alətlərdən könüllü istifadədir. Testiniz pozitiv çıxsa, tarixçənizə baxaraq bunu sizdən müsahibə alanla paylaşa bilərsiniz.

Müalicə və vaksin

İndilik Covid-19-un müalicəsi olmasa da, hidroksixlorogin daha çox diqqət cəlb edir, insanın virusa reaksiyasını dəyişir. Gates fondun bu müalicənin nə qədər effektiv olduğunu araşdırdığını yazır, mayın sonunda nəticə bilinməlidir.

Milyarder vaksin hazırlanmasına investisiyanın vacibliyindən söz açır. “Vaksin hazırlanmasına sərf olunan hər bir ay iqtisadiyyatın normal vəziyyətə qayıda bilməməsi deməkdir”, – məqalədə deyilir. Müəllifin fikrincə, hətta təhlükəsiz, effektiv vaksin hazırlanmazdan öncə belə hökumətlər onun necə paylaşdırılacağı üzərində işləməlidir. Maliyyə ayıran, vaksin sınaqlarını həyata keirən, xəstəliyin daha çox yayıldığı ölkələr onu birinci növbədə əldə etməlidirlər.

“İkinci dünya müharibəsi mənim valideynlərinin nəslini müəyyənləşdirən məqam idi. Eynilə,əsrin ilk pandemiyası bu eranı müəyyənləşdirəcək. Amma dünya müharibəsi ilə pandemiya arasında böyük bir fərq var: Xəstəlik haqda bütün bəşəriyyət öyrənə və onunla mübarizə apara bilər. Düzgün vasitələrlə, ağıllı istifadəylə biz sonucda pandemiyanın bitdiyini elan edəcək, diqqətimizi daha birinin qarşısını necə almağa yönəldəcəyik”, – Gates yazır.

Hazırda dünyada koronavirusa 2 milyon 700 mindən çox insanın yoluxduğu təsdiqlənib. 191 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG