Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

Ramazanda quruyan ianələr – Qərb mediası


Pakistanda məscidin qarşısı dezinfeksiya olunur
Pakistanda məscidin qarşısı dezinfeksiya olunur

“The Associated Press” agentliyi dünyada yayılmış koronovirus pandemiyasının bu il Ramazan ayına necə təsir göstərəcəyini araşdırıb. Görünən odur ki, pandemiya səbəbindən yardımlar azaldığından əsas zərbə kasıblara dəyəcək.

Qadağalar və güzəştlər

Hər il Misirdə Məhəmməd İşığı Məscidində uzun masalar düzülər, iftar vaxtı yoxsullar üçün süfrə açılardı. Amma indi nəinki Misirdə, həmçinin bir sıra müsəlman ölkələrində belə rəhm süfrələri yasaqlanıb. Qapılarını bağlamış məscid həmin masalara sərf olunacaq pulları yemək bağlamaları hazırlayaraq ehtiyacı olanlara paylayacaq.

“Ümid edirik, onların əziyyətini yüngülləşdirə biləcəyik”, – məscidin müəzzini Şeyx Abdel-Rahman deyib.

Hökumətlər orucluq ayında qadağaları ənənələrlə balanslaşdırmağa çalışırlar.

Livan, İraq, Suriya və Misirdə komendant saatları yüngülləşdirilib, gün batandan yarım saat, 90 dəqiqə sonraya çəkilib. Bu, insanlara iftara çatmağa imkan yaradır, amma başqalarına baş çəkə bilməzlər, əgər orada gecələmək fikirləri yoxdursa. Ölkəiçi səyahətlər yasaqlanıb.

Ən çox əhalisi olan müsəlman ölkəsi İndoneziyada hökumət işçilərinin, əsgər və polis əməkdaşlarının Ramazan bayramında doğma yurdlarına getmələri qadağan olunub.

“Koronavirusa görə bayramı valideynlərimizlə keçirə bilməyəcəyik”, – Cakartada dövlət qulluqçusu Rachmad Mardiansyah deyir.

Yardımı elə sakit paylayırlar ki...

Hindistan və Pakistanın iddia etdiyi Kəşmirdə könüllülər ehtiyacı olanlara düyü, mərci, un və digər vacib ərzaqlar paylayırlar. Həm də bunu elə sakitcə edirlər ki, heç qonşuları da xəbər tutmur.

“Bu adamların özünəhörmət hissinə həssas yanaşmalıyıq”, – könüllü Sajjad Ahmed deyib.

Agentlik donorların bütün ehtiyacı olanlara yetişə bilmədiyini yazır.

Qəzzə zolağında Salam Xeyriyyə təşkilatı Türkiyə, Malayziya, İordaniya və digər yerlərdən ianələr alırdı. Ötən il təşkilat 11 min yemək bağlaması və uşaqlara geyim paylamışdı. 13 ildir blokadada olan Qəzzə üçün bu xeyriyyə işləri vacibdir, 2 milyonluq əhalinin yarıdan çoxu yoxsulluq həddində yaşayır.

Amma bu il ianələr də quruyub.

“Ötən il bu vaxtlar yoxsullara yemək bağlaması göndərmək üçün 3 konrakt imzalamışdıq. Bu il bircə dənə də imzalamamışıq. Ramazan tezliklə başlanır, fürsət əldən çıxır”, – təşkilatın sözçüsü Omar Saad deyib.

Bu il Ramazan ayı aprelin 25-də başlanır. İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

XS
SM
MD
LG