Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Həkimlər koronavirusla savaşsın, yoxsa hökumətlə


Kiyev yaxınlığında klinika, arxiv fotosu
Kiyev yaxınlığında klinika, arxiv fotosu

AzadAvropa/AzadlıqRadiosu tibbi işçilərinin koronovirus pandemiyası ilə mübarizəsindən söz açır.

Postsovet məkanındakı həkimlər əsasən qoruyucu geyimlərinin olmamasından şikayətlənirlər. Amma bunu dilə gətirənlər də çox vaxt cəzalanır və bu da regionda böhranla mübarizəyə mənfi təsir göstərir.

“1500-ə yaxın xəstəmiz var, hamısı pnevmoniyadır. Yetərincə çarpayı yoxdur. Xəstələri boşalan yerlərə yerləşdirirlər. Təcili tibbi yarıma 180 boş yerimiz olduğunu deyən kimi 303 xəstə gətirdilər”, – Moskvada xəstəxanaların birinin həkimi Irina Sheikina deyib.

Başqa bir həkim isə “Current Time TV”yə çoxlarının şübhələndiyi məsələdən danışıb: paytaxtdakı xəstəxanalar böhranla mübarizəyə hazır deyil:

“Xəstəxanamız COVID-19 xəstələrini qəbul etməyə hazırlaşır, amma maska, xüsusi qoruyucu geyimimiz yoxdur. Bəzən şpris, dərman tapılmır. Bu hələ Moskvadır”, – adının çəkilməsini istəməyən həkim danışıb.

Başqa bir həkimin sözlərinə görə, onlara ağız termometrlərini 40 həkimin arasında paylaşmağı tapşırıblar, həkim isə Baş Prokurorluğa və Rospotrebnadzor-a şikayət ünvanlayıb.

Belarus nümunəsi

Belarus Prezidenti Alyaksandr Lukashenka koronovirusu “psixoz” adlandırır, həmyerlilərini traktor sürməyə, araq içməyə, saunada oturmağa çağırır. Ölkədə indiyədək hansısa məhdudiyyət də tətbiq olunmayıb.

Di gəl, tənqidçilər hökumətin təqdim etdiyi koronovirus statistikasına şübhəylə yanaşılır. Amma danışmağa çox az adam cəsarət edir. “Yezhednevnik” onlayn xəbər portalının redaktoru Syarhey Satsuk hökumətin böhrana reaksiyasına tənqid edənlərdən olub və... martın 25-də korrupsiya ittihamıyla saxlanıb. Media qurumları onun koronovirus xəbərlərinə görə hədəfə alındığını düşünürlər. Satsuk aprelin 4-də zaminə buraxılıb.

AzadlıqRadiosunun Belarus xidməti bu ölkənin həkimlərinin uzun iş saatlarından, qoruyucu avadanlığın azlığından şikayətləndiyini bildirir.

Özbəkistanda tibb işçiləri arasında yoluxma yüksəkdir. Əndican şəhərinin meri Shukhrat Abdurakhmonov aprelin 12-də deyib ki, yerli xəstəxanada saxlanan 90 koronaviruslu xəstənin 78-i tibb işçiləridir.

Həmin xəstəxanada çalışan bir həkimsə radioya deyib ki, karantində 56 tibb işçisi saxlanır, onlardan dördü həkim, qalanları tibb bacılarıdır.

Digər keçmiş sovet ölkələrində olduğu kimi, Özbəkistan hakimiyyəti də koronovirus böhranını detallı açıqlamağa meylli deyil.

Qonşu Qazaxıstanda da həkimlər və digər tibb işçiləri arasında yoluxanlar çoxdur. Səhiyyə Nazirliyi aprelin 13-də ölkə üzrə 211 tibb işçisinin koronavirusa yoluxduğunu bildirib.

Etiraz səsləri boğulur

Qırğızıstanda isə qoruyucu avadanlıq qıtlığı hələ dərdin yarısıdır. Bektur Apyshev Twitter-də özünün və tibbi personala verilmiş qoruyucu maskanın fotosunu paylaşıb. Bir neçə gündən sonra onun Twitter hesabı bağlanıb. Aprelin 12-də yerləşdirdiyi videoda Apyshev maskalar barədə yalan danışdığını deyib.

Bu üzrxahlığın hakimiyyətin təzyiqi ilə edilməsindən şübhələnirlər. Hətta bir deputat onun müdafiəsinə qalxıb.

Pakistanda isə COVID-19-dan iki həkimin və bir tibb bacısının vəfat etdiyi, 150-dən çox tibb işçisinin virusa yoluxduğu bildirilir. Bu sayın daha da artacağı iddia olunur.

Ötən həftə Kvetta şəhərində həkimlər etiraza qalxınca onlarla həkim saxlandı. Sonradan Baluçistan vilayətinin hökuməti gərəkən avadanlığı təchiz edəcəyini bildirdi.

Azərbaycanda da sosial şəbəkələrdə bəzi xəstəxanalarda həkimlərin qoruyucu geyim, maska ilə təmin olunmadığı iddiaları səslənib. Amma Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında dövlətin həkimlərə diqqətini ayırdığını, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırıldığını deyib. “O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər”, – prezident deyirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG