Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:23

COVID-19 iş yerlərinin ‘axırına çıxır’


Armani Group-un İtaliyadakı fabriki
Armani Group-un İtaliyadakı fabriki

COVID-19 pandemiyası bütün dünyada iş saatlarına və qazanclara katastrofik təsir göstərir Beynəlxalq Əmək Təşkilatı (ILO) yeni hesabatında koronovirusdan ən çox əziyyət çəkən sektorlara və regionlara işıq salır, böhranın təsirini azaldacaq siyasətin vacibliyini vurğulayır.

Bu ilin ikinci rübündə COVID-19 böhranının dünyada iş saatlarının 6,7 faizinin “axırına çıxacağı” bildirilir. Bu, 195 milyon nəfər tamştatlı işçi deməkdir.

Ən böyük ixtisarlar ərəb ölkələrində (8,1 faiz, 5 milyon tamştatlı işçi), Avropada (7,8 faiz, 12 milyon tamştatlı işçi) və Asiya və Sakit okean regionunda (7,2 faiz, 125 milyon tamştatlı işçi) baş verəcək.

Bundan başqa, fərqli gəlir qruplarında böyük itkilər qaçılmazdır. Bu, özəlliklə, yüksək-ortagəlirli ölkələrə (7 faiz, 100 milyon tamştatlı işçi) xas olacaq və 2008-9-cu illərin maliyyə böhranının nəticələrini belə aşır.

Qurum mənzil və ərzaq xidmətlərinin, sənaye, pərakəndə satış, biznes və administrativ fəaliyyətin ən böyük riskə məruz qaldığını bildirir. Bu il ərzində qlobal işsizlikdə artım gələcək inkişafdan və siyasi tədbirlərdə də asılı olacaq. İlsonuna rəqəmin BƏT-in ilkin proqnozundan, yəni 25 milyondan qat-qat artıq olacağı riski böyükdür.

Qlobal işçi qüvvəsinin 81 faizi

Hazırda dünyadakı 3,3 milyardlıq işçi qüvvəsinin 81 faizi, başqa sözlə, hər beş nəfərdən dördü iş yerinin tam, yaxud qismən bağlanması ilə üzləşib.

Hesabatda COVID-19 “2-ci Dünya Müharibəsindən bəri ən pis qlobal böhran” kimi təsvir olunur.

Yeni araşdırmaya görə, 1,25 milyard işçi işdən çıxarılma, yaxud maaş və iş saatlarının kəsilməsində “böyük və dağıdıcı” artım riski olan sektorlarda çalışır.

Onların çoxu da azmaaşlı, az təcrübə tələb edən işlərdir ki, bu halda gəlirin kəskin azalması dağıdıcı təsirə malik olur.

“Riskli” sektorlarda çalışanların payı isə Amerikalarda 43, Afrikada 26 faizdir. Hesabatda xəbərdarlıq olunur ki, qeyri-rəsmi iş yerlərinin üstünlük təşkil etdiyi Afrikada eyni zamanda sosial müdafiə yoxdur, əhalinin sıxlığı yüksəkdir, bacarıqları azdır, bütün bunlar hökumətin qarşısında ciddi səhiyyə və iqtisadi problemlər yaranır.

Ümumilikdə isə dünyada 2 milyard adamın qeyri-rəsmi sektorda çalışdığı bildirilir, onlar əsasən yaranmaqda və inkişaf etməkdə olan iqtisadiyyatlardadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG