Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

Trump neft idxalına rüsum qoya bilər


Texas ştatı, arxiv fotosu
Texas ştatı, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump deyir ki, Rusiya və Səudiyyə Ərəbistanı xam neft hasilatını azaltmaq üzrə razılaşma əldə edə bilməsələr, o, neft idxalına “mütləq” tarif qoyacaq.

“Əgər razılaşmasalar, bunu edəcəyəm. Çox əsaslı tariflər qoyulacaq. Bunu mütləq edəcəyəm”, – Trump aprelin 5-də mətbuat konfransında deyib. O, dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın neft sənayesini qorumaq istədiyini sözlərinə əlavə edib.

Qlobal tələbat günə 20 milyon barel azalıb

Səudiyyə Ərəbistanı və Rusiya Birləşmiş Ştatlara ən böyük neft ixracatçıları sırasında olduqlarından bu tariflər onlara da ziyan vura bilər.

Koronavirus pandemiyasına görə neftə qlobal tələbat günə 20 milyon barelədək, yaxud 20 faiz azalıb, neftin qiyməti son 20 ildə ən aşağı həddə düşüb. Neftin kəskin ucuzlaşması ABŞ-ın bahalı neft hasilatçılarını müflisləşdirə, bu sənayeyə bağlı minlərlə iş yerini aradan çıxara bilər, rəsmilər və təhlilçilər belə deyir.

Ötən ay Səudiyyə və Rusiya hasilatı azaltmaqla bağlı razılığa gələ bilməyiblər. Trump indi dünyanın ikinci və üçüncü neft hasilatçısı arasında belə sazişə vasitəçilik etməyə çalışır.

Ər-Riyad martın 7-də elan edib ki, neft hasilatını 20 faizədək artıracaq, günə 12 milyon bareldən yuxarı qaldıracaq. Bundan öncə Moskva gündəlik hasilatı 1,5 milyon barel azaltmaq təklifini rədd eləyib. Bu təklifi Səudiyyə Ərəbistanı və Moskvanın rəhbərlik elədiyi, 23 neft hasilatçısını birləşdirən OPEC+ alyansı irəli sürüb.

Trump-ın tvitindən sonra...

Rusiya və Səudiyyənin qiymət savaşı neft bazarına təzyiqi gücləndirib. Dünyanın bir sıra ölkələri karantin qaydaları tətbiq etdiyindən qlobal tələbat onsuz da görünməmiş həddə azalıb.

Trump iki ölkə liderləri ilə telefon söhbətlərindən sonra, aprelin 2-də tvitində yazıb ki, bu ölkələr hasilatı günə azı 10 milyon barel azalda bilərlər. Təhlilçilərin fikrincə, Trump iki ölkəni deyil, OPEC+ alyansını nəzərdə tutub.

Bu tvitdən sonra Səudiyyə aprelin 6-na OPEC+ üzvlərinin fövqəladə iclasını təyin edib. Amma Moskva və ər-Riyad qiymət savaşına kimin səbəb olmasına dair qarşılıqlı ittihamlar səsləndirəndən sonra iclas aprelin 9-na keçirilib.

Rusiya deyib ki, Birləşmiş Ştatların da daxil olduğu qlobal saziş çərçivəsində gündəlik hasilatı 1 milyon barel azaltmağa hazırdır.

Rusiya və Səudiyyə Ərəbistanında neft sənayeləri əsasən dövlətə məxsusdur. ABŞ-da sənaye isə özəl şirkətlərdən ibarətdir və Vaşinqtonun hasilata təsir göstərmək gücü böyük deyil.

İstənilən halda, Birləşmiş Ştatlarda anbarlar sürətlə dolmaqdadır. Hasilatın 40 faizini verən Texasda aprelin 14-də hasilatın mümkün azaldılması ilə bağlı dinləmə keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG