Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:46

Almaniyada koronavirusdan ölən niyə azdır – Qərb mediası


Almaniyalı şirniyyatçı Torsten Roth

Hazırda Almaniya və Birləşmiş Ştatların koronovirusla fərqli mübarizəsi qərb mediasında da ən çox müzakirə olunan mövzudur.

Almaniyada 92 mindən çox insan yoluxsa da, ölü sayı qonşu ölkələrlə müqayisədə aşağıdır. İndiyədək 1295 nəfər virusdan dünyasını dəyişib ki, bu da cəmi yoluxanların 1,4 faizi deməkdir. İtaliyada bu göstərici 12, İspaniya, Fransa və Britaniyada 10, Çində 4, Birləşmiş Ştatlarda 2,5, Cənubi Koreyada isə 1,7 faizdir. “The New York Times” qəzetində Katrin Bennhold bunun səbəbini araşdırır.

Bonn Universitet Xəstəxanasının Virusologiya İnstitutunun direktoru Hendrik Streeck Birləşmiş Ştatlar və başqa yerlərdəki həmkarlarından zənglər aldığını deyir.

“Alman anomaliyası haqda danışırlar. Məndən soruşurlar ki, nəyi fərqli edirsiz? Niyə sizdə ölənlərin sayı belə aşağıdır?” – o deyir.

'Almaniyada adamların evdə oturmasının səbəbi budur ki...'
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Xəstələrin orta yaşı, test və tibbi faktorlar

Heydelberq Universiteti Xəstəxanasının virusologiya üzrə rəhbəri professor Hans-Georg Kräusslich isə deyir ki, ilk yoluxanlar Avstriya və İtaliyanın xizək kurortlarında virus tapmışdılar, nisbətən gənc və sağlam şəxslər idi. Sonradan infeksiya daha yaşlılar arasında yayılsa da, Almaniyada xəstələrin ortalama yaşı 49-dur. Fransada bu 62,5, İtaliyada 62-dir.

Almaniyada nisbətən az adamın virusdan ölməsinin bir səbəbi də daha çox adamın testdən keçirilməsidir. Yəni xeyli adam xəstəliyi simptomsuz, yaxud az simptomla keçirir, yoluxma sayı artır, di gəl, ölən az olur.

“Bu da avtomatik olaraq kağız üzərində ölü sayını azaldır”, – Professor Kräusslich söyləyir.

Epidemioloqlar və virusoloqlar Almaniyada tibbi faktorların da ölü sayına təsir göstərdiyini bildirirlər. Belə ki, intensiv terapiya çarpayıları çoxdur, hökumətə inanaraq onun fiziki təcrid qaydalarına da əsasən əməl edirlər.

Hələ yanvarın ortasında, almaniyalıların çoxu virus haqda düşünməyəndə Berlindəki Charité xəstəxanası test hazırlayaraq formulunu onlayn yerləşdirmişdi. Fevralda Almaniyada ilk Covid-19 yoluxması aşkarlananda ölkə laboratoriyalarında xeyli test komplekti yığılmışdı.

“Hazırda Almaniyada belə az ölü sayının qeydə alınmasının səbəbi odur ki, həddən artıq laboratoriya diaqnozu aparırıq”, – Charité xəstəxanasının baş virusoloqu Dr. Christian Drosten deyib.

Hazırda Almaniyada həftəyə 350 min koronovirus testi həyata keçirilir ki, bu, Avropanın istənilən ölkəsindən çoxdur.

İndi də gələk ABŞ nümunəsinə

Yanvarın əvvəlində Çindəki yeni koronovirusun qlobal epidemiyaya səbəb olacağıyla bağlı həyəcan təbili çalınırdı. “The Associated Press” agentliyi yazır ki, Trump administrasiyası iki ayı boş-boşuna keçirdi, halbuki tibbi ləvazimat, avadanlıq yığa bilərdi.

Agentlik federal alış kontraktlarını gözdən keçirərək belə bir qənaətə gəlib ki, federal agentliklər yalnız martın ortasından N95 respirator maskaları, mexaniki süni nəfəs aparatları, tibb işçilərinə gərəkən digər avadanlıq sifariş etməyə başlayıblar.

Bu arada bir sıra ştatlarda xəstəxanalar minlərlə xəstəni adekvat avadanlıq olmadan müalicə edir, hökumətdən ləvazimat istəyirdilər. Artıq böhran üçüncü aya keçib, ciddi müalicə tələb edən xəstələrin sayı artır, ehtiyatlar isə tükənir. Bəzi yerli rəsmilər sınmış aparatlar, on ildən qalma qurumuş maskalar aldıqlarını deyirlər.

“İki ayı boşuna xərclədik”, – Obama administrasiyası dövründə səhiyyə və insan xidmətləri katibi işləmiş Kathleen Sebelius deyib.

Agentlik federal rəsmilərin tibbi ləvazimat sifarişi üçün niyə bu qədər gözləməsinin səbəbini rəsmi orqanlardan öyrənə bilməyib. AP-nin müxbiri bazar günü Prezident Donald Trump-a bu haqda sual verəndə o, jurnalistin sözünü ağzında qoyub.

“Fövqəladə hallar üzrə federal agentlik, ordunun elədiyi möcüzədir. Onlar bütün bu şeylərin alınmasında qeyri-adi davranıblar. Onların ştatlar üçün elədikləri inanılmazdır”, – deyən prezident bununla da brifinqi bitirib.

Ekspertlərsə bu fikirlə razı deyillər. Agentlik yazır ki, COVID-19-a federal səviyyədə qüsurlu reaksiyadan sonra, ştat qubernatorları indi federal agentliklər və bir-birinin bəhsinə qiymətləri qaldırdıqlarını deyirlər.

“İndi bir şirkət sizə zəng edib deyəcək ki, Kaliforniya sizdən daha yüksək qiymət qoyur. Sanki eBay-də ştat bir süni nəfəs aparatı almağa çalışır”, – Nyu York ştatının qubernatoru Andrew M. Cuomo ötən həftə deyib.

XS
SM
MD
LG