Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 22:03

Neft ucuzlaşır, 2 trilyon dollar nəyə çatacaq – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Bu gün – martın 30-da dünya birjalarında neft son 17 ilin ən aşağı səviyyəsinə düşüb. Dünyada koronovirus böhranı dərinləşir, ABŞ-da yoluxmaların sayı sürətlə artır.

Qərbi Texas neftinin bareli 5,3 faiz düşərək 20 dollara yaxınlaşıb. Brent nefti isə 6,5 faiz düşərək 23 dollar olub.

Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı 34 mini keçib.

Neft bazarlarında bir neçə həftədir qiymətlər enir. Bir sıra ölkələr virusla mübarizə məqsədilə karantin, səyahət qadağaları tətbiq edib.

Səudiyyə və Rusiya razılığa gəlməsələr...

Neftə tələbat azaldıqca, təchizat yüksələn xətt üzrə gedir. Səudiyyə Ərəbistanı və Rusiya qiymətləri dəstəkləmək üçün hasilatı azaltmaqla bağlı razılığa gələ bilmədiyindən təchizat dramatik şəkildə artır. Ötən həftəsonu ər-Riyad bildirib ki, hasilatın potensial azaldılması ilə bağlı Moskvayla əlaqə yarada bilməyib. Rusiya enerji nazirinin müavini ölkə hasilatçıları üçün barelin 25 dollara düşməsinin fəlakətli olmadığını demişdi.

“Tələbatın azalması sarıdan narahatlıq vacib amil olsa da, bəlli idi. Amma bazarlarda ucuzlaşmanı yaradan əsas səbəb Səudiyyə Ərəbistanı və Rusiyadan indiki yolla gedəcəklərinə dair alınan siqnallardır”, – Avstraliyanın “Commonwealth Bank”ının təhlilçisi Vivek Dhar “Bloomberg News”a deyib.

“Ehtiyat anbarları ağzınadək dolunca Səudiyyə Ərəbistanı və Rusiya, digər əsas hasilatçılar reaksiya verməlidirlər. Onların cavabı gecikdikcə, neftin qiymətlərində daha bir kəskin düşüş riski böyükdür”, – AxiCorp-dan Stephen Innes “Frans Pres”ə deyib.

Bazarlarda eniş

Bazar ertəsi Asiya bazarlarında da kəskin düşmə qeydə alınıb. Ötən həftə ABŞ-ın nəhəng stimul paketinin qəbulunun yaratdığı artıq sönüb, investorların diqqəti şişən inflyasiyaya, koronovirusdan ölüm hallarının artmasına yönəlib.

ABŞ Prezidenti Donald Trump ötən həftə 2 trilyon dollarlıq iqtisadi xilas planını imzaladı. Di gəl, təhlilçilər qarşıda daha “qara günlər” proqnozlaşdırırlar. Digər tərəfdən Trump da əhali üçün məhdudiyyətləri daha bir aylığa uzadıb.

Hazırda planetin 40 faizinin karantin şəraitində yaşadığı bildirilir.

AxiCorp-dan Stephen Innes deyir ki, dünya üzrə hökumətlərin, mərkəzi bankların qlobal iqtisadiyyata yardım məqsədilə 5 trilyon dollar vəd etməsinə baxmayaraq,... “koronovirus sürətlə yayılmaqdadır, bu da iqtisadi və maliyyəyə təsiri sarıdan əndişələri dərinləşdirir. Bazarlarda daha artıq çaxnaşma yaranacağı mümkün görünür”, – o bildirir.

“İndi bazarları düşündürən böyük sual odur ki, yer üzündə təqdim olunan stimul paketi qlobal iqtisadiyyatın COVID-19-un şoku qarşısında duruş gətirməsinə kömək etməyə yetəcəkmi”, – Avstraliya Milli Bankından Rodrigo Catril deyib.

Fed 3 trilyon təklif edir, amma...

“Reuters” agentliyi də ABŞ-dakı stimul paketinin tarixən böyük olsa da, kifayət etməyəcəyini yazır.

Federal Ehtiyatlar fondu son həftələr kredit və aktivlərin alışı üçün 3 trilyon dollardan artıq vəsait təklif edir. Amma agentlik bunun real iqtisadiyyata – şirkətlərə, bələdiyyələrə real köməyi dəymədiyini qeyd edir. Bunun bir səbəbi Amerika mərkəzi bankının daha çox kredit riski götürməyə icazəsi olmamasıdır. Aşağı reytinqli borcalanlara kreditlərdə isə itki şansı böyükdür. İqtisadi fəaliyyəti faktiki dayandırmış koronovirus pandemiyası isə bu riskləri bir az da gücləndirir. Gərginliyi qismən azaltmaqdan ötrü ABŞ Xəzinədarlığı Fed-in kreditlərinin qaytarılmaması riskinin bir qismini üzərinə götürüb.

Xəzinədarlıq Valyuta Sabitliyi Fondundan 50 milyard dollar ayırıb ki, Fed-in kreditləri ödənməsə, itkilər kompensasiya olunsun.

Cümə günü Xəzinədarlıq 2 trilyonluq paketdən 450 milyard dollardan artıq vəsait əldə edib və bu da qurumun iqtisadiyyatı dəstəkləmək qabiliyyətini gücləndirir.

Amma investorlar və iqtisadçıların fikrincə, hətta əlavə vəsait belə yetərli olmaya bilər, Konqres əlavə trilyonlar ödəməli olacaq. Əks halda, ABŞ-da bir çox şirkətlər və yerli hökumətlər ya defolt təhlükəsi ilə üzləşəcəklər, ya da “batacaqlar”.

Guggenheim Partners-in baş investisiya rəsmisi Scott Minerd “Reuters”ə deyib ki, hökumət Xəzinədarlığa iqtisadiyyatı dəstəkləmək üçün 2 trilyon dollaradək vəsait ayırmalıdır.

Minerd-in hesablamasına görə, ötən həftə ayrılan pul yalnız 900 milyard dollarlıq kredit üzrə itkiləri qarşılamağa bəs edər.

XS
SM
MD
LG