Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:13

Tehran keçmiş FTB agentindən xəbəri olmadığını deyir


FTB-nin Robert Levinson-la (sağda) bağlı posteri. Solda onun 5 il sonra, 2012-ci ildə necə görünə biləcəyi əks olunub
FTB-nin Robert Levinson-la (sağda) bağlı posteri. Solda onun 5 il sonra, 2012-ci ildə necə görünə biləcəyi əks olunub

Tehran ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti Robert Levinson-un harada olmasından xəbərsiz olduğunu deyir. Birləşmiş Ştatlar İrandan istefada olan agent haqda “hərtərəfli hesabat” tələb edib. Onun İran həbsxanasında öldüyü güman edilir.

“İran həmişə bildirib ki, cənab Levinson-un harada olmasından xəbəri yoxdur, o, İranda həbsdə olmayıb. Həmin faktlar dəyişməyib”, – İranın BMT-dəki missiyasının sözçüsü Alireza Miryousefi martın 26-da tvitində yazıb.

Bundan öncə Ağ ev bəyanat yayıb ki, ABŞ administrasiyası Bob Levinsonun “bir müddət öncə” vəfat etdiyinə inanır.

“İran Bob Levinsonun başına nə gəldiyinə dair tam hesabat verməlidir”, – Ağ evin milli təhlükəsizlik müşaviri Robert O'Brien bəyanatında vurğulayıb. Levinson İranda 13 il qabaq, 58 yaşı olanda yoxa çıxıb.

Ailə rəsmilərdən informasiya aldığını deyir

Bu bəyanatdan qabaq isə Levinsonun ailəsi sosial media paylaşımında ABŞ hökumətindən onun taleyi haqda informasiya aldığını yazıb.

“Bu yaxınlarda ABŞ rəsmilərindən aldığımız informasiya nəticəsində onlar və biz belə bir qənaətə gəlmişik ki, sevimli həyat yoldaşı və atamız İran həbsxanasında vəfat edib”, – Levinson ailəsi bildirib.

“Onun nə vaxt və necə vəfat etdiyini bilmirik, ancaq onu bilirik ki, bu, COVID-19 pandemiyasından əvvəl baş verib”, – bəyanatda deyilir.

Ailənin açıqlamasından sonra, O’Brien-in bəyanatından öncə Prezident Donald Trump reportyorlara söyləyib ki, “onun öldüyünü qəbul etməyəcəyəm”.

Trump-ın sözlərinə görə, Levinson saxlanmazdan “uzun müddət xəstə olub”. O, ailəyə görə “özünü çox pis hiss etdiyini”, amma Levinsonun sağ olmasına ümidini itirmədiyini söyləyib.

Levinson 2007-ci ilin martından İranın Kiş kurort adasında səfəri zamanı yoxa çıxıb. O zaman Mərkəzi Kəşfiyyat İdarəsi üçün müqavilə əsasında çalışırdı.

Birləşmiş Ştatlar İrana dəfələrlə müraciət edib ki, Levinsonun yerini tapmağa, onu ailəsinə qaytarmağa kömək etsin. İran rəsmiləri isə hər dəfə onun taleyindən xəbərsiz olduqlarını deyiblər.

Amma o yoxa çıxanda İranın hökumətə bağlı mediası yazırdı ki, o, “İran təhlükəsizlik qüvvələrinin əlindədir”.

Levinson ailəsi bildirir ki, “İran rejiminin qəddar, qəlbsiz hərəkətləri olmasaydı”, o indi sağ qalardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG