Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 06:36

Qonşular hansı karantin tədbirləri görür


Marneuli, 23 mart, 2020-ci il

Gürcüstan dəmiryolu ilə sərnişin daşımasını qadağan edib. Hökumətin sözçüsü Irakli Chikovani qadağanın aprelin 21-dək – fövqəladə vəziyyət bitənədək qüvvədə olacağını bildirib.

Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub, 10 nəfərdən artıq adamın bir yerə yığışması yasaqlanıb. 3,7 milyon nəfərin yaşadığı ölkə sərhədlərini bağlayıb, əcnəbilərin girişini yasaqlayıb, digər ölkələrlə hava nəqliyyatını da dayandırıb.

Bütün təhsil ocaqları, restoranlar, gecə klubları və idman zalları bağlıdır. Ərzaq mağazaları, apteklər, yanacaq doldurma stansiyaları işləyir.

Dəmiryolu ilə sərnişin daşımasına qadağadan bir gün öncə isə ölkənin cənubundakı Marneuli və Bolnisi regionlarında karantin elan olunub.

Gürcüstanda indiyədək Covid-19 respirator xəstəliyinə 61 nəfər yoluxub, ölən olmayıb.

Ermənistan cəza tətbiq edir

Ermənistan parlamenti isə karantin və özünütəcrid tələblərinə əməl etməyənlər üçün həbs cəzasının tətbiqilə bağlı hökumətin təklifini dəstəkləyib. Martın 23-də parlament qanunu ikinci və yekun oxunuşda qəbul edib.

Hökumət cərimələrin tətbiqinə ötən həftədən, bir aylıq fövqəladə vəziyyət elan olunandan sonra başlayıb. İndiyədək Ermənistanda koronavirusa 194 yoluxma qeydə alınıb, ölüm halı yoxdur. 600-dək adam karantində saxlanır, yüzlərlə şəxs özünütəcrid vəziyyətindədir.

Yeni qanunvericilikdə təcrid qaydalarını pozanlar üçün 1 ildən 5 ilədək həbs, 1 milyon dramadək (2026 dollar) cərimə nəzərdə tutulub.

Ölümcül virus haqda qeyri-rəsmi informasiya yayan TV, radio, çap və onlayn media orqanları üçün maliyyə cərimələri tətbiq olunacaq.

Rusiya karantinsiz keçinəcək

Rusiyanın baş səhiyyə rəsmisi isə deyir ki, ölkə COVID-19-un öhdəsindən karantinsiz də gələ bilər. Artıq Rusiyanın Primoryer Uzaq Şərq regionunda koronavirusa ilk iki yoluxma qeydə alınıb.

“Potensial həll kimi tam təcridin səmərəsi indi bütün dünyada müzakirə olunmaqdadır, çünki bəzi ölkələr bunu tətbiq edib, bəziləri yox. Yaponiya və Sinqapur təcrid həyata keçirməsə də, onların karantin tədbirləri də nəticə verib”, – istehlakçıların mühafizəsi agentliyi Rospotrebnadzor-un rəhbəri Anna Popova martın 24-də Birinci Kanala deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtı Moskvada sərt karantin tədbirlərinin tətbiqi müzakirə olunmur.

12 milyon əhalisi olan Moskvada martın 23-dək rəsmən 137 nəfərin COVID-19-a yoluxduğu açıqlanıb. Şəhərin meri Sergey Sobyanin deyib ki, metro bağlanmayacaq.

Martın 24-də Primorye regionunda qeydə alınan iki yoluxmadan sonra ölkə üzrə statistika 440-a yüksəlib. Hər iki xəstə bu yaxınlarda xaricdən gəlib və yoluxucu xəstəliklər xəstəxanasında tibbi nəzarətə götürülüb.

Rusiya bir gün öncə beynəlxalq uçuşlara qadağanı da genişləndirib.

İndiyədək digər ölkələrdən 20 minədək rusiyalı çıxarılıb.

XS
SM
MD
LG