Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Rusiyada kredit götürmək istəyənlərin sayı artır


Moskvanın mərkəzi, 21 mart, 2020-ci il
Moskvanın mərkəzi, 21 mart, 2020-ci il

Martın 23-də Rusiyada yeni koronavirusa 71 yoluxma halı təsdiqlənib və bununla da rəsmi yoluxma sayı 438-ə qalxıb. Ölkə beynəlxalq uçuşlara qadağanı genişləndirib.

Baş nazir Mixail Mişustin martın 23-də deyib ki, hökumət nazirliklərdən, agentlik və regionlardan gələn datanın monitorinqini aparır, koronavirusun yayılmasını önləmək üçün tədbirlər görür.

“Roszdravnadzor-a regionlarla birlikdə göstəriş vermişəm ki, martın 24-dən başlayaraq hökuməti koronaviruslu xəstələrin müalicəsinə yerli tibb ocaqlarının hazırlığı ilə bağlı informasiya ilə təmin etsinlər”, – Mişustin deyib.

Metro bağlanmayacaq

Martın 23-dən Rusiyanın hava yolları yalnız xarici ölkələrin paytaxtları və Nyu York kimi böyük şəhərlərə uçuşlar həyata keçirəcək və bunlar yalnız Moskvadakı aeroportlardan gerçəkləşəcək. Məlumatı Rosavia dövlət agentliyi yayıb. Bildirilir ki, Rusiya ancaq xaricdə qalmış vətəndaşlarının evakuasiyası üçün çarter reyslərinə icazə verəcək.

İndiyədək koronavirusun geniş yayıldığı ölkələrdən 20 minədək Rusiya vətəndaşı çıxarılıb.

Moskvanın meri Sergei Sobyanin deyib ki, paytaxtda metro bağlanmayacaq. Moskva metrosundan hər gün milyonlarla sakin istifadə edir və onun bağlanması şəhərin iqtisadiyyatına ciddi zərbə vura bilər.

İndiyədək Ukraynada Kiyev daxil 3 şəhərdə metro bağlanıb.

Mədəniyyət Nazirliyi martın 23-dən bütün kinoteatrların bağlanmasını tövsiyə edib. Ayın əvvəlində nazirlik sərəncamında olan teatrları, filarmoniyaları, sirkləri bağlayıb.

Dünyada əhali sayına görə 9-cu yeri tutan Rusiyada Avropa qonşuları ilə müqayisədə adambaşına daha az COVID-19 yoluxması qeydə alınıb və bu, rəqəmlərin dəqiqliyi sarıdan narahatlıq yaradıb.

Avropanın ikinci böyük şəhəri hesab olunan Moskvada 12 milyon nəfər yaşayır, cəmi 137 yoluxma halı açıqlanıb. 8 milyondan çox əhalisi olan Nyu York şəhərində isə yoluxanların sayı 8 min nəfərdir.

Rusiya həm də Çinlə həmsərhəddir. Çində 81 mindən çox yoluxan qeydə alınıb.

Kredit almağa çalışırlar

RBC xəbər agentliyinin ötən həftə yazmasına görə, bu il ölkədə pnevmoniya hallarında kəskin artım baş verib.

COVID-19-a yoluxanların çoxunda adi soyuqdəyməyə oxşayan simptomlar olur, amma ağırlaşma halları pnevmoniyaya çevrilə bilər.

RBC onu da xəbər verir ki, qiymətlərin, məzənnənin artacağından qorxan rusiyalılar istehlak kreditləri, ipoteka üçün müraciətlər edirlər. Adətən, rusiyalılar iqtisadi sabitsizlik yaşananda, rubl ucuzlaşanda elektronika məhsulları, avtomobil, mənzil almağa çalışırdılar. Martın 9-da neft kəskin ucuzlaşandan rubl son bir ayda 20 faizədək ucuzlaşıb. Moskva və ər-Riyad hasilatın azaldılması üzrə razılaşma əldə bilməyib.

Rublun zəifləməsi isə iPhone kimi idxal məhsullarının bahalanması deməkdir. Rublun son düşüşü vətəndaşları “onlara gərəkən məhsulların alışını yubatmamağa”, qiymətlər qalxmamışdan onları almağa həvəsləndirib, Moskvadakı ACRA reytinq agentliyinin direktoru Irina Nosova RBC-yə deyib.

2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində neft kəskin ucuzlaşanda rusiyalılar məişət cihazları və avtomobil alıb yığırdılar və vətəndaşlar, ola bilsin, “həmin məqamı qaçırmaqdan qorxurlar”, Nosova deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG