Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 18:19

Poçt göndərişlərinin qəbulu dayandırılır


Azərpoçt

Beynəlxalq poçt göndərişlərinin ünvan üzrə çatdırılması artıq mümkün deyil.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyilib ki, buna səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələrinin məhdudlaşdırılması və mövcud reyslərin təxirə salınmasıdır: «Bunlar nəzərə alınaraq, «Azərpoçt» məhdud məsuliyyətli cəmiyyətinin (MMC) tabeliyində olan poçt şöbələrində və «Şəbəkə» xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır».

Bildirildiyinə görə, poçt göndərişlərinin qəbulunun bərpa edilməsinin tarixi hələ ki, bəlli deyil.

Bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavirusun aşkarlandığı şəxslərin sayı 25-ə çatıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Ümumilikdə dünyanın bir çox ölkələri arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb.

Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG