Bu ay Rusiyada uşaqların sağlamlığına dair hesabat açıqlanıb. Hesabatda ixtisaslı həkim çatışmazlığı və pis şəraitli tibb ocaqlarından söhbət açılır.
Təftiş aparılmış 117 min tibb ocağından üçdə birində axar su, 40 faizindən çoxunda isə mərkəzi istilik sistemi yoxdur. Hesablama Palatasının hazırladığı hesabatda vurğulanır.
Tibb ocaqlarının yerləşdiyi binaların çoxu “qeyri-qənaətbəxş sanitar və texniki vəziyyətdədir” və bu da onları getdikcə daha yararsız hala salır. Hesabatda təftişlərin yanvarda aparıldığı vurğulanır.
Binaların yarıdan çoxunda qaynar su, 35 faizində kanalizasiya sistemləri, 47 faizində əlil arabalarına çıxış olmayıb.
Təftiş olunan binaların 14 faizinə böyük təmir lazımdır.
“Regionlarda ixtisaslı pediatr çatışmazlığı var və bir çox binalardakı şəraitlə xəstələrə gərəkən rahatlığı təmin etmək mümkün deyil”, – Hesablama Palatası bildirir.
Rəqəmlər 2016-cı ildəki oxşar hesabatdakından çox dəyişməyib.
Palatanın keçmiş auditoru deyirdi ki, Rusiyada klinika və xəstəxanaların 40 faizindən çoxunda mərkəzi istilik sistemi, 31 faizində isə axar su yoxdur.
“Qurum həm də Prezident Vladimir Putinin 400 milyard dollarlıq milli xərclər proqramını tənqid edirdi. Çünki proqramda 2024-cü ilədək həmin vəsaitin cüzi hissəsi uşaqların səhhəti üçün nəzərdə tutulub”, – “The Moscow Times” yazır.