Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bakıya qoşun yeridən sovet marşalı Yazov vəfat edib


Dmitry Yazov
Dmitry Yazov

Sonuncu sovet marşalı, General Dmitry Yazov Moskvada 95 yaşında dünyasını dəyişib. O, 1991-ci ildə Sovet İttifaqının çökməsinin qarşısını almağa çalışan qrupun üzvü idi.

Rusiya Müdafiə Nazirliyinin fevralın 25-də bildirməsinə görə, Yazov “uzun sürən ağır xəstəlikdən” vəfat edib.

Yazov 1991ci ildə, Sovet İttifaqının dağılmasından dörd ay öncə dövlət çevrilişi təşkil edən qrupu dəstəkləyəndə müdafiə naziri postunda idi. O zaman sovet lideri Mikhail Gorbachev ev dustağı edilmiş, qrup “QKÇP” adıyla tanınan müvəqqəti hökumət elan etmişdi.

Qrupun üzvü, ovaxtkı daxili işlər naziri Boris Pugo dövlət çevrilişinin iflasından az sonra intihar elədi.

Qalan 10 nəfərə isə 1994-cü il fevralın 23-də, dövlətə xəyanət ittihamıyla 14 ay mühakimə olunandan sonra Dövlət Duması tərəfindən amnistiya verildi.

Bu şəxslər sonradan postkommunist Rusiyasında siyasətdə, özəl sektorda müxtəlif rollar oynayıblar.

Sosial medianın reaksiyaları

AzadlıqRadiosunun Rus xidməti Dmitry Yazovun ölümünə sosial mediadakı reaksiyalardan yazıb.

Burada yazılan postlardan görünür ki, prezident Vladimir Putin başda olmaqla ölkənin siyasi elitası Yazovun vəfatı münasibəti ilə kədərlənir və onun xatirəsini hörmətlə yad edir.

Rusiya kommunistlərinin lideri Gennady Zyuganov da Sovet İttifaqının marşalı barədə iftixarla yazıb:

“Sovet İttifaqının marşalı D.G. Yazov vəfat edib. Bir cəbhəçi, SSRİ müdafiə naziri kimi o özünü bütünlüklə son anadək Sovet dövlətinin xilas edilməsinə həsr etmişdi. Dmitry Timofeyevich, biz ümumi Vətənimiz uğrunda mübarizəmizi davam etdirəcəyik!”

Lakin bir çox sadə rusiyalılar sovetin son marşalı haqqında fərqli fikirlərini yazırlar.

Jenya Shulgin adlı istifadəçi yazır:

“Bu plakatı daçamızdakı ayaqyolunun divarına vurmuşduq. Bu, 1980-ci illərin ortaları üçün normal bir hal idi. Partiya hələ mövcud idi, amma eyni zamanda ayaqyolunda öz layiqli yerini tutmuşdu. Odur ki, mən adlar, soyadlar, vəzifələr haqqında məlumatlıyam. Bugün SSRİ-nin son marşalı Yazov ölüb.”

Zakrevski adlı başqa bir Twitter istifadəçisi isə qeyd edib:

“Budur, Yazov da öldü. SSRİ-nin sonuncu marşalı. Son illərdə and-aman edirdi ki, qandan qorxub və GKÇP-nin məsuliyyətini öz üzərinə götürərək ölkəni fəlakətə salan və onu 30 ildir ki, didən bütün bu Gorbachev-Yeltsin yığnağını qovmayıb. Əsgərə əbədi eşq olsun!”

Bir sıra istifadəçilər Yazovun əmri ilə keçmiş sovet respubliklarından bəzilərinə tank və qoşun yeridilməsini yada salırlar.

“GKÇP-çi (Fövqəladə Vəziyyət Dövlət Komitəsi), SSRİ marşalı, Tbilisi və Vilnüsda qırğın törədən Yazov ölüb”.

Mikhail Fishman isə 1991-ci ildə prezident Gorbachev-a qarşı qiyamı xatırlayıb:

“Marşal Dmitry Yazov qəsdçi idi. O GKÇP-nin bünövrəsini qoyanlardan olub. 5 avqustda qiyamçıların ilk iclasında iştirak edib. Bu iclasda Gorbachev-un təcrid edilməsi müzakirə olunurdu. O Moskvaya qoşun hissələrinin yeridilməsini əmr edib. Bunu hamı bilir. Amma çox adam bilmir ki, qiyamı dayandıran da Yazov olub. O adamlara güllə atmaq fikrində deyildi...Yazov qoşunların Moskvadan çıxarılmasını təkbaşına əmr edib. Qiyamçılar Kryuchkova və Baklanova isə deyib: “Zibili qarışdırmağı bacarmısınız, cavab verməyi də bacarın!” ”

Litva məhkəməsi ona 10 il həbs cəzası kəsmişdi

Özünü Sovet İttifaqının prezidenti elan etmiş qrup lideri Gennady Yanayev 2010-cu ildə Moskvada 72 yaşında vəfat edib.

Yazovun ölümündən sonra QKÇP-nin yalnız bir üzvü həyatda qalır – 87 yaşlı Oleg Baklanov. O zaman o, prezidenti Müdafiə Şurasının sədr müavini idi.

Ötən il Litva məhkəməsi Yazova qiyabi 10 il həbs cəzası kəsib. O, 1991-ci ilin yanvarında bu Baltik ölkəsinin müstəqillik hərəkatının zorakılıqla dağıdılmasındakı roluna görə mühakimə olunub. Həmin il Litvanın paytaxtında sovet ordusu tərəfindən 14 nəfər öldürülmüş, 700-dən çox adam xəsarət almışdı.

Yazov 1990-ci ildə Bakıda 20 yanvar faciəsinin törədilməsinə qərar verən əsas şəxslərdən biri hesab olunur. 30 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. Ümumilikdə bu hadisələr nəticəsində 147 şəxs həlak olub, 744 nəfər yaralanıb, üstəlik, 841 nəfər həbs olunub.

Bakı. 20 yanvar 1990-cı il
Bakı. 20 yanvar 1990-cı il

Sovet İttifaqının siyasi rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtına qoşun və tankların yeridilməsi səbəbi olaraq respublikada asayişin və qanunçuluğun bərpası məqsədini göstərirdi.

Amma SSRİ müdafiə naziri Dmitry Yazov daha açıq danışmışdı.

O “İzvestiya” qəzeti müxbirinin sualına cavab olaraq demişdi ki, sovet ordusu Bakıya Azərbaycan Xalq Cəbhəsinin siyasi strukturlarını dağıtmaq üçün yeridilib:

“Qoşunlar Bakıda sovet hakimiyyətini xilas etdi”.

XS
SM
MD
LG