Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Moskva və Ankara İdlibə dair məsləhətləşmələr keçirəcək


Sergei Lavrov
Sergei Lavrov

Moskva və Ankara Suriyanın İdlib qəzasındakı vəziyyətə dair məsləhətləşmələrin yeni dövrəsini hazırlayırlar.

Bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvada keçirlən mətbuat konfransında verib:

"İndi növbəti məsləhətləşmələrin yeni dövrəsi hazırlanır. Ümid edirik ki, bu məsləhətləşmələr bizi bu bölgənin həqiqətən də de-eskalasiya zonası olmasına dair razılaşmaya gətirib çıxaracaq və orada terroçular ağalıq etməyəcəklər”.

TASS agentliyinin məlumatına görə, Sergei Lavrov bildirib ki, hətta 2018-ci ilin sentyabrında İdlibdə de-eskalasiya zonasının yaradılmasına dair razılaşma əldə olunandan bir il sonra bu zonanın əslində eskalasiya zonasına çevrildiyi görünürdü.

Nazir deyib ki, “buradakı quldurlar” bu zonadan kənar yerləri atəşə tuturdular.

Lavrovun fikrincə, İdlibdəki Türkiyə hərbçiləri de-eskalasiya zonasında mübarizənin məhz terrorçulara qarşı aparıldığını bilirlər:

"Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çərçivəsində heç kim, heç vaxt vəd etməyib ki, terrorçuların özlərini indi apardıqları kimi apardıqları tədbirdə onlara cavab zərbələri endirilməyəcək. Mən əminəm ki, burda işləyən Türkiyə hərbçiləri hər şeyi yaxşıca görür və anlayırlar. Terrorçular dəfələrlə bizim mövqelərimizə, Suriya qoşunlarının mövqelərinə, Suriya mülki obyektlərinə məhz Türkiyə Respublikası müşahidə postlarının qurulduğu yerlərdən hücum edirlər”.

Lavrov bildirib ki, Moskva terrorçulara hər hansı bir şəkildə haqq qazandırılmasına qarşı çıxacaq.

Nazir bildirib ki, sözü gedən qrupları BMT Təhlükəsizlik Şurası terrorçu kimi tanıyıb.

Sergei Lavrov ümid etdiyini bildirib ki, Rusiya və Türkiyə arasında İdlibə dair dialoqun nəticəsi müsbət olacaq:

"Ümid edirəm ki, bizim və Türkiyə hərbçilərinin, diplomatların və təhlükəsizlik xidmətlərinin dəstəyi ilə davam edən kontaktları müsbət nəticə verəcək və biz elə edəcəyik ki, terrorçular Suriyanın bu hissəsində ağalıq eləməsinlər. Onlar heç yerdə ağalıq etməməlidirlər”.

Suriya sammiti planlaşdırılır

Türkiyə prezidenti deyib ki, gələn ay Fransa və Almaniya liderləri ilə Suriyada, üsyançıların əlində olan İdlibdə zorakılığı azaltmağı müzakirə edəcək.

Recep Tayyip Erdogan fevralın 22-də onu da bildirib ki, Rusiya lideri Vladimir Putin də martın 5-nə planlaşdırılan sammitə dəvət olunub. Rusiya qüvvələri İdlib ətrafındakı döyüşlərdə Suriya rejimini dəstəkləyir.

Kreml hələlik, Putinin toplantıya gedəcəyini təsdiqləməyib. Kremlin sözçüsü Dmitry Peskov Rusiya dövlət televiziyasına Putinin ideyanı dəstəklədiyini söyləyib.

“Putin sammit tərəfdarıdır. Dörd prezidentin iş cədvəlini razılaşdırmaq mümkün olsa, sammit keçiriləcək”, – Peskov vurğulayıb.

Almaniya Kansleri Angela Merkelin idarəsi iki gün öncə bəyanat yayaraq bildirib ki, o və Fransa Prezidenti Emmanuel Macron “atışmanı dərhal dayandırmağa və ehtiyacı olanlara maneəsiz humanitar çıxışa çağırır”.

Merkel zorakılığa son qoymağı müzakirə etməkdən ötrü Erdogan və Putinlə görüşmək niyyətində olduqlarını söyləyib.

Suriya hökumət qüvvələri Rusiyanın dəstəyilə İdlib üzərində irəlilədikcə regiondan 1 milyona yaxın adam qaçmalı olub. Üsyançıları əsasən Türkiyə dəstəkləyir.

BMT-nin Təhlükəsizlik Şurası ötən həftə İdlibdə təklif olunan atəşkəsi müzakirə edib, ancaq Rusiya hansısa bəyanat verilməsinə qarşı çıxıb.

Türkiyə əsgərləri Suriya rejimi qüvvələri tərəfindən intensiv atəşə tutulandan sonra Ankara İdlibdə hərbi əməliyyatlar başlatmaqla hədələyib.

Ankara yeni qaçqın axınından ehtiyatlanır, humanitar fəlakət xəbərdarlığı edir.

Son 6 ildə Türkiyəyə 3,6 milyondan artıq suriyalı sığınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG