Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 00:58

MSK şikayətlərə baxmaqda davam edir


MSK

Binəqədidə yenə məntəqənin nəticəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 21-də 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin bir məntəqəsində də səsvermənin nəticələrini etibarsız hesab edib.

MSK-nın məlumatına görə, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub və səsvermənin nəticələri ləğv edilib.

Amma bu dairə üzrə yekun nəticəyə təsir etməyib.

MSK bu dairədə lider namizəd kimi Kəmaləddin Qafarovu açıqlayıb.

Onun bəzi opponentləri isə dairə üzrə nəticələrin ləğvini təlb edirlər.

3 gün əvvəl isə MSK bu dairədən iki məntəqənin (31 və 35 saylı) də nəticəsini etibarsız saymışdı.

Daha 4 məntəqədə nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 21-də 81 saylı Beyləqan Seçki Dairəsinin dörd məntəqəsində səsvermə nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

MSK-dan bildirib ki, dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.

İclasda 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar verilib.

Amma bu dairədə yekun nəticəyə təsir etməyib. MSK-a bu dairədən Şahin İsmayilovun lider namizəd olduğunu açıqlayıb.

Qərarlara,hələlik, şikayətçi tərəflərin və lider namizədlərin münasibətini almaq mümkün olmayıb.

MSK bir qədər əvvəl isə 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxmışdı.

Aygün Süleymanlı ciddi qanun pozuntularına yol verildiyini iddia edərək dairə üzrə nəticələrin ləğv edilməsini istəyirdi. Amma qurum onun şikayətini tam əsaslı saymayıb.

Həmin dairədən isə Eldar Quliyevin lider namizəd olduğu açıqlanıb.

İki məntəqədə seçki nəticələri ləğv olunub

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 21-də keçirilən iclasında 91 saylı Ucar seçki dairəsinin iki məntəqəsi ilə bağlı dairə seçki komissiyasının (DSK) qərarını təsdiqləyib.

MSK-dən bildirilib ki, şikayətlər əsasında DSK 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrini ləğv edib.

Amma qurum bu dairənin bəzi başqa məntəqələrində pozuntu iddiaları ilə bağlı şikayəti əsassız sayıb. Beləliklə, dairə üzrə yekun nəticədə dəyişiklik olmayıb.

MSK bu dairədən Ramil Həsənin lider namizəd olduğunu açıqlayıb.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq dörd dairədə nəticələr ləğv edilib. Habelə 15-dən çox dairədə 50-dən çox məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu mövqeyi qəbul etmirlər.

XS
SM
MD
LG