Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:06

Superjet bu il üçün sifariş almayıb – Qərb mediası


Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsi
Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsi

Rusiyanın özünün hazırladığı sərnişin təyyarəsi olan “Sukhoi Superjet 100” bu il üçün təsdiqlənmuş sifariş almayıb. Bircə Aeroflot dövlət şirkəti ilə çoxdan əldə olunmuş razılaşması var. Məlumatı “Reuters” agentliyi iki mənbəyə istinadla yayıb. Bu təyyarə Airbus, Bombardier və Embraer-ə Rusiyadan rəqib sayılır.

2011-ci ildə istifadəyə buraxılan təyyarə Rusiyanın Sovet İttifaqının dağılmasından sonra qurduğu ilk sərnişin təyyarəsidir. Agentlik yazır ki, dövlətin onun inkişafına milyardlarla dollar axıtmasına baxmayaraq, tarixi keşməkeşli keçib. Ötən il Superjet Moskva yaxınlığında qəza edib, 41 nəfər həlak olub.

İstifadədə cəmi 142 təyyarə var

"Qrajdanskie Samoletı Suxoqo" («Гражданские самолеты Сухого») şirkətini Rusiyanın “Rostec” dövlət holdinqi idarə edir. Şirkət yüzlərlə təyyarə satmağa ümid edirdi. Tələbin zəifliyi, serviz problemləri, ehtiyat hissələrinin əldə olunmasında yubanmalar nəticəsində hazırda cəmi 142 təyyarə istifadəyə verilib.

54 Superjet almış Aeroflot bu il daha 17-ni qəbul etməyi planlaşdırır, Rusiyanın Ticarət və Sənaye Nazirliyindən agentliyə bildiriblər. 2018-ci ildə imzalanmış uzunmüddətli kontrakta görə, Aeroflot 2019-2026-cı illərdə 100 Superjet icarəyə götürəcək.

Şirkətin planları ilə tanış iki mənbənin “Reuters”ə bildirməsinə görə, hazırda Sukhoi-un 2020-ci il üçün müştərisi çıxmayıb.

“Superjet layihəsi hökumətin dövlət dəstəyilə bağlı qərarından asılıdır, çünki hələlik, kommersiya fəaliyyəti göstərmir”, – mənbələrdən biri deyib.

Superjet əsasən Rusiya daxilində regional hava şirkətləri, korporasiyalar və dövlət qurumları tərəfindən istifadə olunur. Xarici şirkətlər arasında elə də populyar deyil.

Xarici sifarişlər

Ötən il İrlandiyanın CityJet şirkəti yeddi Superjet-in istismarını dayandırıb, Meksikanın Interjet şirkəti isə ötən il bildirib ki, 22 Superjeti satmağı planlaşdırır.

“Sukhoi” bəyanatında müştəriləri haqqında açıqlama verməkdən imtina edib.

Rusiyanın üç böyük özəl hava şirkətləri – S7, UTair və Ural Airlines bu il Superjet almaq, yaxud icarəyə götürmək planları olmadığını bildiriblər.

İstismarında Superjet təyyarələri olan daha 5 Rusiya şirkəti isə agentliyin sorğusunu cavablandırmayıb.

Sukhoi ötən il bildirmişdi ki, müştərilərə 16 təyyarə satacaq, amma yalnız 8-ni çatdırıb, onun da beşi Aeroflot-a icarə verilib.

Aerofolot 2018-ci il kontraktında 100 Superjet icarəyə götürməyə boyun olsa da, indiyədək 5-ni götürüb. Agentlik yazır.

İki il qabaq “İnterfax.az” yazırdı ki, Azərbaycan “Superjet 100” təyyarələrin VIP-versiyasını tədarük edə bilər. Şirkətin prezidenti Aleksandr Rubtsov demişdi ki, bir neçə təyyarə tədarük oluna bilər.

XS
SM
MD
LG