Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Azərbaycan uşaqların inkişafına görə neçəncidir


Arxiv fotosu
Arxiv fotosu

Dünyanın heç bir ölkəsi uşaqların sağlamlığını, onların ətraf mühitini, gələcəyini adekvat şəkildə qorumur. Bu haqda fevralın 19-da dünyadan 40-dan artıq uşaq və yeniyetmə səhhəti ekspertinin üzv olduğu komissiya hesabat açıqlayıb. Komissiyanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və “The Lancet” tibb dərgisi təşkil edib.

“Dünyada uşaqların gələcəyi?” adlı hesabatda bildirilir ki, dünya üzərində hər bir uşaq və yeniyetmənin sağlamlığı və gələcəyinə təhlükə var. Təhlükə hardan gəlir? Ekoloji deqradasiyadan, iqlim dəyişikliyindən, fast-fud, şəkərli içkilər, alkoqol və tütünü uşaqların “gözünə soxan” istismarçı marketinq fəndlərindən.

“Proqres dayanıb”

“Son 20 ildə uşaq və yeniyetmələrin səhhətində irəliləyişlərə baxmayaraq, proqres dayanıb və geriləmək üzrədir”, – Yeni Zelandiyanın keçmiş baş naziri, komissiyanın həmsədri Helen Clark deyib.

“Dəyərləndirmələrə görə, aşağı və ortagəlirli ölkələrdə yaşı 5-dən az 250 milyonadək uşaq özünün inkişaf potensialına çata bilməmək riskiylə üz-üzədir, bu, balacaboyluluq və yoxsulluqla bağlıdır. Bundan daha artıq narahatlıq yaradan isə dünyada hər bir uşağın iqlim dəyişikliyi və kommersiya təzyiqlərindən dolayı təhdidlərlə üzləşməsidir”, – o, sözlərinə əlavə edib.

Clark ölkələrin uşaq və yeniyetmə səhhətinə yanaşmanı dəyişməsinin vacibliyini vurğulayıb.

Hesabatda 180 ölkə üzrə yeni qlobal indeks hazırlayıb. İndeks uşaqların rifahı, onların sağ qalması, yaxşı dolanması, səhhəti, təhsili və qidalanması kimi faktorlara əsaslanır.

Azərbaycan 180 ölkə içində 77-ci yerdədir.

Qonşulardan Ermənistan 56, Gürcüstan 76, Rusiya 79, İran 63-cü yerlərdə qərarlaşıb.

Təhdidlər

Hesabatda deyilir ki, dünyanın ən yoxsul ölkələri uşaqların sağlıqlı həyat yaşaması üçün daha çox iş görməlidirlər. Amma aşırı karbon emissiyaları, ən çox da daha zəngin ölkələrdən gəlməsi uşaqların hamısının gələcəyinə təhdid yaradır.

“İndiki hesablamalarla 2100-cü ilədək qlobal istiləşmə 4 dərəcəni keçsə, bu, uşaqların səhhəti üçün dağıdıcı nəticələrə aparıb çıxarar. Buna okean səviyyəsinin artması, isti dalğaları, malyariya, tropik qızdırma kimi xəstəliklərin yayılması və pis qidalanma səbəb ola bilər”, – sənəddə vurğulanır.

İndeksə görə Norveç, Koreya Respublikası və Niderlandda uşaqların sağ qalmaq və rifah imkanları lap yaxşıdır. Cənubi Afrika Respublikası, Çad, Somali, Niger və Mali isə ən pis göstəricilər ortaya qoyub.

Adambaşına düşən karbon qazı emissiyalarına gəlincə, Norveç 156, Koreya Respublikası 166, Niderland 160-cı yerdədir.

Hesabatda ziyanlı marketinqin uşaqlara yaratdığı təhdid də yer alır. Dəlillərə görə, bəzi ölkələrdə uşaqlar bir ilə təkcə televiziyada 30 min reklam görürlər. Gənclərin elektron siqaret reklamlarına məruz qalma göstəricisi isə iki il ərzində ABŞ-da 250 faizdən artıq artıb, 24 milyondan çox gəncə çatıb.

1975-ci ildən bəri dünyada kök uşaqların sayı 11 dəfə artaraq 124 milyon nəfərə çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG