Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:20

Məntəqələr üzrə nəticələr ləğv edilir, dairələr üzrə yox


MSK Bəxtiyar Hacıyevin şikayəti üzrə qərar verib

Dünən fevralın 18-də Mərkəzi Seçki Komissiyası (MSK) 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxıb.

Qurum 6 məntəqənin nəticələrini ləğv edib, amma dairə üzrə nəticə dəyişməyib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, B.Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirmədiyini qeyd edərək həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: «Şikayət Ekspert qrupu tərəfindən araşdırılıb...».

R.İbrahimov vurğulayıb ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvini tələb edib. Onun sözlərinə görə, o, bir sıra protokollar təqdim edib.

R.İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradıb. Onun fikrincə, buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

Beləliklə, MSK 29 saylı Səbail seçki dairəsinin 1, 5. 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul etməklə şikayəti qismən təmin edib.

MSK həmin dairədən lider namizəd kimi Nigar Arpadarainin adını açıqlayıb. Amma bu qərar həmin dairə üzrə yekun nəticəni dəyişməyib. N.Arpadaraidən , hələlik, qərara münasibət almaq mümkün olmayıb.

B.Hacıyev isə bu qərarı yetərli saymır: «Mən otaqdan çıxanda qərar qəbul edilməmişdi. Hətta, səhv etmirəmsə, ATƏT təmsilçiləri də orada olanda qərar qəbul edilməmişdi. Sonradan mətbuatdakı dostlar dəqiqləşdirdilər ki, MSK 6 məntəqə ilə bağlı qərar verib. Qərar verib ki, digər məntəqələrlə bağlı sübutlar da bir daha araşdırılsın, qiymət verilsin. Qısası, 6 məntəqədə ləğv edib, qalanlarını da növbəti baxışa saxlayıblar».

B.Hacıyev deyib ki, digər məntəqələrlə bağlı faktlar da təkzibedilməzdir: «Onlar inkar etsə, məhkəmələrdə sübut edəcəyik…».

B.Hacıyev əlavə edib ki, araşdırmaların obyektiv aparılmadığı qənaətindədir. Onun sözlərinə görə, seçki pozuntuları dairəyə aid bütün məntəqələrdə baş verib və dairə üzrə nəticələr ləğv olunmalıdır.

B.Hacıyevin bu fikirlərinə isə, hələlik, MSK üzvlərindən əlavə münasibət almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev və bir neçə namizəd MSK-nın girişini bir müddət bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

+++

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan bəzi şəxslərin şikayətinə baxılıb.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb:

“Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

İlkin Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb.

MSK-nın iclasında müraciətlər müzakirəyə çıxarılıb. Qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayətlər qismən təmin edilib.

Bu qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

MSK-nın açıqlamasına görə, bu dairədə lider namizəd Afət Həsənovadır.

Qərara, hələlik, onun münasibətini almaq mümükün olmayıb.

9 saylı dairədə də 2 məntəqənin nəticələri ləğv edilib, amma...

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova və daha bir neçə namizədin şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Müraciətdə bəzi seçki məntəqələrində seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. Dairə Seçki Komissiyasının (DSK) araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlansın”.

Qabil Orucov əlavə edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətlərin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.

Amma bu qərar bu dairədə yekun nəticəyə təsir etməyib.

MSK həmin dairədə lider namizəd kimi Kəmaləddin Qafarovu açıqlayıb.

Onun qərara münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

Deputatlığa namizəd saxlanıb, buraxıldığını deyir

Bu gün, fevralın 18-də bir qrup deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdaki binası önünə toplaşıblar. Onlar fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularına yol verildiyini vurğulayıblar.

Polis hadisə yerinə gələrək narazı namizədləri əvvəlcə binanın qarşısından uzaqlaşdırıb. Amma bir müddət sonra yenidən həmin deputatlığa namizədlərə MSK-nın binası önündə dayanmağa imkan verilib.

Onlardan Rəbiyyə Məmmədova jurnalistlərə deyib ki, 76 saylı Astara-Lənkəran seçki dairəsindən deputatlığa namizəd, hüquqşünas Xalid Bağırov saxlanaraq naməlum istiqamətə aparılıb.

"Seçki yox, qaydasız döyüş idi" - Deputatlığa namizədlərin etirazları davam edir..
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

X.Bağırovun özü də bu məlumatı təsdiqləyib. «Məni - saat 15 olardı - elə MSK-nın önündə saxladılar. Gətirib Bayraq meydanında sərbəst buraxdılar», - o bildirib.

X.Bağırov qeyd edib ki, namizəd olduğu dairədə pozuntularla bağlı nə qədər sənəd təqdim etsə də, şikayətinə baxılmır.

Onun bu açıqlamasına, hələlik, nə MSK, nə də Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olub.

Bir sıra deputatlığa namizədlər və bəzi siyasi partiyalar fevralın 16-da MSK qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdilər. Amma polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas gətirərək onun qarşısını almışdı. Təşkilatçılardan bəzi şəxslər isə saxlanaraq, aparılıb Şamaxı, Kürdəmir və Yevlax kimi rayonlarda sərbəst buraxıldıqlarını açıqlayıblar.

DİN-dən bu açıqlamalara hər hansı münasibət bildirilməyib.

123-də bir məntəqənin...

MSK bu gün, fevralın 18-də 123 saylı Kəlbəcər seçki dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun şikayətinə də baxıb.

İclasda bildirilib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atıldığını, bir seçicinin bir neçə dəfə səs verdiyini iddia edərək nəticələrin ləğvini istəyib.

«Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində göstərilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb», - iclasda qeyd edilib.

MSK-nın iclasında 123 saylı seçki dairəsi üzrə bir məntəqədə seçkilərin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Amma bu, həmin dairədə ilkin yekun nəticəyə təsir etməyib. MSK həmin dairədən lider namizəd olaraq Aqil Məmmədovun adını açıqlayıb.

MSK: "Sosial şəbəkələrdə 380-dən çox videogörüntü yayılıb"
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

79 saylı dairə üzrə 5 məntəqədə nəticələr ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də keçirilən iclasında 79 saylı İmişli seçki dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb.

İclasda bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən bir əsasda birləşdirilib. Qurum 5 məntəqə üzrə seçki qanunvericiliyinin tələblərinin pozulduğu qərarına gəlib.

Beləliklə, MSK 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

Amma 5 məntəqədə nəticələrin ləğvi bu dairə üzrə, hələlik, yekun nəticəyə təsir etməyib.

MSK bu dairədə lider namizəd kimi Razi Nurullayevin adını açıqlayıb. Bu qərara, hələlik, ondan münasibət almaq mümkün olmayıb.

Namizəd: “kino çəkməyəcəgdik ki?”

Şikayətçi namizədlərdən İlqar Hüseynli iclasdan sonra AzadlıqRadiosuna deyib ki, qərardan razı qalmayıblar. O vurğulayıb ki, 5 məntəqədə nəticənin ləğvi yekun nəticəyə təsir etmir:

“Bunlar sual edirlər ki, sənin sübut materialların sona kimi çəkilməyib.Mən də deyirəm ki, biz fraqmentlər çəkmişik, hər məntəqə ilə bağlı kino çəkməyəcəkdik ki? Əgər bir məntəqə sədri sənədləri ogurlayıb dairə seçki komissiyasına qədər qaçıbsa və biz bunu videoya çəkib, təqdim ediriksə daha nə etməliydik? Bunların arqumenti nədir? Bəlkə çəkiliş bitəndən sonra gətirib sizin protokolları yazıb, verib...”

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Bir çox şikayətlər isə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG