Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

Viruslar siyasiləşəndə – Qərb mediası


Şanxay metrosunda maska taxmış qadın
Şanxay metrosunda maska taxmış qadın

Koronavirus yayıldıqca ictimaiyyət xəstəliklə effektiv mübarizə üçün hökumətlərin beynəlxalq əməkdaşlığına bel bağlamalıdır. Amma siyasi liderlərə artan təzyiq onları daha millətçi qısamüddətli tədbirlərə sövq edə bilər ki, bu da daha az effektli və məhsuldar ola bilər. Bunu “Project Syndicate” portalında Ngaire Woods yazır.

Siyasətçilərin seçimi

Müəllifin fikrincə, birinci problem siyasətçilərin iki seçim arasında qalmasıdır: onlar həm qətiyyətli görünməlidirlər, həm də skeptik ictimaiyyətə diqqətli izahat verməyi tələb edən, elmə əsaslanan addımlar atmalıdırlar. Məsələn, Hindistan, Nigeriya, Yaponiya və Birləşmiş Ştatlar daxil bir sıra ölkələr aeroportlara çatan sərnişinlərin hərarətini yoxlayır. Amma qızdırmalı səyahətçilər dərman atmaqla durumlarını ört-basdır eləyə bilərlər. Digər tərəfdən, çinli tədqiqatçıların gümanına görə, COVID-19 24 gün ərzində, xəstənin qızdırması qalxmamışdan yoluxucudur. Buna görə də Böyük Britaniya hökuməti aeroportlarına varid olan sərnişinlərə informasiya verir ki, aeroportdan çıxandan sonra simptomlarla üzləşərlərsə, neyləsinlər.

Hökumətlərin üzləşdiyi ikinci problem kommunikasiya ilə bağlıdır. Epidemiya ilə mübarizədə dəqiq, etibarlı informasiya vacibdir. Di gəl, dünyanın çox hissəsində vətəndaşlar siyasətçilərin həqiqəti deməsinə inanmırlar, ona görə də sosial mediaya və digər informasiya mənbələrinə üz tuturlar.

Müəllif virusla mübarizədə hazırlıqlı olmağı da vacib amil sayır. “Ancaq siyasətçilər adətən xəstəliyin profilaktikasına sərmayə qoymağa meylli olmurlar, yeni xəstəxana tikməyi daha asan hesab edirlər”, – məqalədə deyilir.

Artıq koronovirusdan Çində 1400 nəfər dünyasını dəyişib, 55 mindən çox yoluxma halı qeydə alınıb.

Daha çox düyü və tualet kağızı alırlar

“The Guardian” qəzetinin müxbiri Honq Konqdan reportajında düyü və tualet kağızı kimi ərzaq və gündəlik tələbat mallarının çatışmadığını yazır.

Müxbir Verna Yu Honq Konqdakı durumu 1980-ci illərin Sovet ittifaqı ilə müqayisə edir, supermarketlərin qarşısında sübh açılmamışdan uzun növbələr yarandığını yazır. Sakinlər əsasən düyü, tualet kağızları və dezinfeksiya vasitələri alırlar.

Artıq üçüncü gündür supermarketlərin adətən düyü ilə dolu rəfləri boşalıb. Amma xeyli ət və göyərti çeşidlərinə rast gəlinir. Salfetlər, mətbəx dəsmalları, uşaq bezləri, əl sabunları, spirtli əlyuma vasitələri, döşəmə silmək üçün maye maddələr tükənir, apteklərdə isə dezinfeksiya və antiseptik vasitələr qıtlığı yaranıb.

Honq Konqda hələlik, 50 təsdiqlənmiş yoluxma və bir ölüm halı qeydə alınıb. Di gəl, epidemiyanın bir neçə ay çəkəcəyi, gündəlik tələbat mallarının qurtaracağı sarıdan böyük narahatlıq var.

“Hətta tibb işçilərinin ləvazimatları tükənir, biz necə narahat olmayaq?”, – səhər 7-dən, supermarket açılmazdan bir saat qabaq növbəyə durmuş xanım Chung deyib.

Hökumət böhranı

Rəsmilər ərzaq təchizatına problem olmadığını deyirlər. Honq Konqun Düyü Ticarətçiləri Assosiasiyası ötən həftə bildirib ki, düyü təchizatını hökumət nizamlayır və hələ 13 min tonluq ehtiyat var.

“Hökumətin bircə sözünə də inanmıram. Məncə, gələcək yaxşı görünmür”, – 65 yaşlı Chung bunu deyərək onlarla digər alıcıyla birlikdə supermarketə tələsib.

Honq Konqun Siti Universitetinin təqaüddə olan politoloqu Joseph Cheng-in fikrincə, çaxnaşma hökumətə dərin inamsızlıqdan qaynaqlanır.

“Bu, hökumətin böhranıdır – onlar hətta maska təchizatını təmin edə bilmirlərsə, adamlar necə əmin olsunlar. Bu epidemiya hökumətə inamı bərpa etmək fürsəti verə bilərdi”, – Cheng söyləyib.

Honq Konq İctimai Rəy Tədqiqatları İnstitutunun ötən ay açıqladığı rəy sorğusu hökumətə etimadın 69,2 faizə düşdüyünü ortaya qoyub. Bu, 1992-ci ildə sorğu başlanandan ən aşağı göstəricidir.

XS
SM
MD
LG