Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:31

Trump-ın təkbaşına müharibə başlatmasını önləmək istəyirlər – Qərb mediası


Donald Trump, 2016-cı il
Donald Trump, 2016-cı il

ABŞ Senatı bu həftə hər iki partiyanın hazırladığı qətnaməni qəbul etməlidir. Məqsəd Prezident Donald Trump-ın İrana qarşı hərbi əməliyyatlar başlatmaq səlahiyyətini məhdudlaşdırmaqdır. Yada salaq ki, yanvarın əvvəlində Birləşmiş Ştatların İranın aparıcı generalını öldürüb.

“Politico” yazır ki, Senator Tim Kaine tərəfindən irəli sürülmüş “Müharibə Səlahiyyəti” qətnaməsinə yekun səsvermə bu gün – fevralın 13-də keçirilməlidir. Bu sənəd Trump-ın gözlənən vetosunu üstələməyə yetərincə səs yığmaya bilər. Amma qətnamənin elə Senatda gözlənən qəbulu Konqresin prezidentin icraedici səlahiyyətini məhdudlaşdırmaq cəhdinə işıq salır.

47 demokratdan əlavə, layihəni bir neçə senator da dəstəkləyir. Prezidentliyə namizəd olmaq istəyən demokrat senatorlar da səsverməyə görə cümə axşamı Vaşinqtonda olacaqlar və sənədin keçməsin üçün gərəkən 51 səsin yığılacağı gözlənir.

İkinci dəfədir oxşar sənəd qəbul olunur

“Bu ölkənin etməli olduğu ən axırıncı şey Yaxın Şərqdə daha bir müharibəyə başlamaq, yaxud buna sürüklənməkdir. Prezidentimizin kimliyindən asılı olmayaraq, heç bir prezident belə bir qərarı müzakirəsiz verəcək qədər ağıllı deyil”, – Kaine bir müsahibəsində deyib.

Əslində, Konqres hərbi səlahiyyətləri icraedici qanada ötürüb, bu, 2001-ci ildə al-Qaeda qruplaşmasına, 2002-ci ildə İraqa qarşı hərbi gücdən istifadəni hər iki palatanın təsdiqləməsindən sonra baş verib. Ancaq bu il yanvarın 2-dən sonra məsələ yenidən gündəmə gəlib. Buna Trump-ın İranın Qüds qüvvələrinin komandiri General Qassim Soleimani-ni dron zərbəsilə vurmaq göstərişini verməsi səbəb olub.

Məqalədə deyilir ki, “Müharibə Səlahiyyəti” adlı qətnaməni hər iki palata təsdiqləsə, belə bir sənəd Trump-ın masasına artıq ikinci dəfə gedib çıxacaq. Ötən il Nümayəndələr Palatası və Senat “Müharibə Səlahiyyəti” qətnaməsi qəbul edərək ABŞ-ın Yəməndə Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya hərbi dəstəyini azaltmaq istəmişdilər. Amma Trump qətnaməyə veto qoydu.

Trump dünən respublikaçı senatorları Kaine-nin qətnaməsinə qarşı səs verməyə çağırıb, bunu “çox pis siqnal” adlandırıb, “İran bunu bayram edər” deyib.

“Demokratlar bu addımı yalnız Respublikaçı Partiyasını utandırmaq üçün edirlər. Bunu baş verməyə qoymayın!” – Trump Twitter-də yazıb.

Trump Afrikaya niyə yan alır

“The Hill” isə İranın qarşısını kəsməkdən ötrü Afrikaya gözünü dikdiyini yazır.

Belə ki, Birləşmiş Ştatlar Sudan və Mərakeşə Tehranı önləyəcək tərəfdaşlar kimi baxmağa başlayıb. Daha geniş Amerika və Yaxın Şərq alyansına isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı liderlik edir.

Məqalədə deyilir ki, Trump administrasiyası alyansı gücləndirmək, İsraillə əlaqələri yumşaltmaq üçün sözügedən iki Afrika ölkəsinə təşəbbüslər irəli sürür.

Sudan liderinin fevralın 3-də İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüşü ABŞ-a bu ölkənin Vaşinqtonla münasibətləri dərinləşdirəcəyinin, terrorçuluğa sponsorluq edən ölkə statusunu kənara atacağının siqnalı idi.

Məlumatlara görə, Trump administrasiyası Mərakeşin Qərbi Saharada mübahisəli əraziyə iddiasını tanımağı nəzərdən keçirir. Bunun əvəzində həmin ölkə İsraillə əlaqələri yenidən başlada bilər.

“Bu addımlar administrasiyanın sülh planına ərəb və Afrika ölkələri arasında dəstək yığa bilməməsi ilə eyni vaxta düşür. Bur çox ərəb və müsəlman ölkələri İsraillə əlaqələri normalaşdırmağın şərti kimi fələstinlilərlə münaqişənin ədalətli həllini irəli sürürlər”, – məqalədə vurğulanır.

İsrail isə BƏƏ və Səudiyyə Ərəbistanı kimi sünni çoxluğun yaşadığı Körfəz ölkələri tərəfindən İranın regionda ambisiyalarını önləyəcək müttəfiq hesab olunur.

Mərakeş və Sudana əl uzatmağa “Səudiyyə Ərəbistanının israillilərə yaxınlaşmaq cəhlədirinin tərkib hissəsi kimi baxılmalıdır”, – Vaşinqtonda mənzillənən, İranla bağlı sərt mövqe tutan Demokratiyaların Müdafiəsi Fondunun aparıcı vitse-prezidenti Jonathan Schanzer deyib.

“Bu iki ölkə Ərəb Liqasında heç də az əhəmiyyətli deyillər, Trump-ın ‘əsrin razılaşması’nı mübahisələndirən bəyanata zərbə vura bilərlər”, – Schanzer vurğulayıb.

XS
SM
MD
LG