Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 06:30

Seçkiyə görə baş həkimə cəza verildiyi deyilir


Təcili yardım maşını adamları seçki məntəqələrinə daşıyır

Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin seçki ilə bağlı cəzalandırıldığı bildirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi bildirib. Verilən məlumata görə, buna səbəb təcili tibbi yardım maşını ilə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində məntəqələrə adam daşınmasıdır.

Bildirildiyinə görə, Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi dünən, fevralın 10-da TƏBİB-ə dəvət olunub.

«Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb. O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib ki, işçiləri səsverməyə aparsın. E.Novruzov bu hərəkətinə görə cəzalandırılıb»,-deyə qurumdan vurğulanıb. Amma cəzanın nədən ibarət olduğu açıqlanmır.

Açıqlamaya E.Novruzovun özündən münasibət almaq mümkün olmayıb.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Həmin gün bəzi deputatlığa namizədlər bildirmişdilər ki, Kürdəmir rayonu mərkəzində təlimatlandırılan bəzi şəxslər təcili yardım maşını ilə bir neçə məntəqələrə aparılaraq səs verirlər.

Növbədənkənar parlament seçkiləri ilə bağlı artıq bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. Mərkəzi Seçki Komissiyasından (MSK) deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Multimedia

XS
SM
MD
LG