Yaponiya fevralın 7-də bildirib ki, karantində saxlanan gəmidə yeni koronavirusa daha 41 yoluxma halı aşkarlanıb. Çində bu virusdan ölənlərin sayı artıq 636-ya çatıb. Xəstəlik haqda ilkin xəbərdarlıq səsləndirmiş, buna görə tənbeh olunmuş həkim də virusdan ölənlər sırasındadır.
Dünyada virusa yoluxanların sayı isə 31 mini keçib.
Fevralın 7-də hələ 41 yeni hal təsdiqlənməmişdən Yokohamadakı “Diamond Princess” gəmisindən 20 yoluxmuş sərnişin çıxarılıb. Hazırda gəmidə 3 min 700-dək adam var.
Baş nazir Shinzo Abe deyib ki, Yaponiya başqa bir kruiz gəmisindəki əcnəbi sərnişinləri ölkəyə buraxmayacaq. “Holland America”ya məxsus “Westerdam” kruiz gəmisi Honq Konqdan Okinavaya doğru gedir, sərnişinlər sırasında virusa yoluxmaqda şübhəli bilinənlər var.
Abe fevralın 7-dən yeni immiqrasiya siyasətinin qüvvəyə mindiyini vurğulayıb. Ayın sonunadək daha dörd kruiz gəmisi Yaponiyaya doğru istiqamətlənəcək. Onlardan ikisi başqa ölkə, ikisi Yaponiya tərəfindən idarə olunur.
Yeni dərman sınaqdan çıxarılır
34 yaşlı həkim Li Wenliang virusun episentri sayılan Vuhanda xəstəxanada dünyasını dəyişib. O da virusa yoluxub. Li deyirdi ki, ötən ay virus haqda “şayiə yaydığına” görə Vuhan polisi tərəfindən tənbeh olunan səkkiz nəfərdən biri o olub.
Çinin “Xinhua” agentliyi bir qrup pasiyent üzərində virusa qarşı yeni dərmanın sınaqdan çıxarıldığını xəbər verir. “Remdesivir” adlı dərmanı ABŞ-ın Gilead Sciences şirkəti hazırlayıb.
Prezident Xi Jinping ABŞ-dan olan həmkarı Donald Trump ilə telefon danışığında Birləşmiş Ştatları virusun yayılmasına “məntiqi reaksiya” verməyə çağırıb. Məlumatı Çinin dövlət mediası yayıb.
“Virusa qarşı xalq müharibəsi başladılıb. Ümid edirik, ABŞ tərəfi epidemiyanı sakitliklə dəyərləndirəcək, cavab addımlarını məntiqi şəkildə qəbul edərək uyğunlaşdıracaq”, – Xi deyib.
Pekin şikayətlənir ki, Birləşmiş Ştatlar vətəndaşlarını Vuhandan çıxarır, amma Çinə hər hansı yardım göstərmir.
Ağ evin məlumatına görə, Trump virusla mübarizədə “Çinin gücünə və qətiyyətinə inamını ifadə edib”.