Kiçik bir şəhərin keçmiş meri Pete Buttigieg Ayova ştatında Demokrat partiyasının “kokus” səsverməsinin qalibi elan olunub. Nəticələrin elanı “kodlaşdırma səhvi” ucbatından bir neçə gün yubanmışdı.
İndiana ştatında Saus Bend şəhərinin keçmiş meri Buttigieg ştat təmsilçilərinin 26,2 faizinin səsini alıb. Senator Bernie Sanders isə 26,1 faiz səs yığıb. Fevralın 6-da demək olar bütün məntəqələrin nəticələri açıqlanıb.
Senator Elizabeth Warren 18 faizlə üçüncü, keçmiş vitse-prezident Joe Biden isə 15,8 faizlə dördüncü yeri tutub.
Bir il öncəyədək ölkə səviyyəsində tanınmayan Buttigieg ilkin nəticəni “heyrətamiz qələbə” adlandırıb. Onun 38 yaşı var, prezident seçkisinə aparan yolda ilkin təmsilçi səsverməsini udan ilk açıq gey namizəddir.
Amma Demokratik Milli Komitənin sədri nəticələri yenidən saymağa çağırıb. Onun fikrincə, üç günlük texniki məsələlər və yubanmadan sonra “ictimai etimadı təmin etmək üçün” bu vacibdir.
3 fevral kokuslarının (toplantı+səsvermə) nəticələri Nyu Hempşirdə gözlənən praymeriz seçkisinə təsir göstərə, vaxtilə öncül namizəd sayılan Bidenin gələcəyi ilə bağlı şübhələrə yol aça bilər.
Ayova səsverməsi noyabr seçkisində respublikaçı prezident Donald Trump ilə mübarizə aparacaq namizədi müəyyənləşdirmək yolunda ilk yarışma idi.