Başqırdıstan prokurorluğu respublikanın Ali Məhkəməsinə “Başkort” ictimai təşkilatının fəaliyyətinin qadağan edilməsi vəsatəti ilə müraciət edib.
Prokurorluq bu müxalifət hərəkatının ekstremist təşkilat kimi tanınmasını tələb edir.
Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə təşkilatın üzvləri prokurorluğun müraciətindən məqsədin onların qorxudulması olduğunu bildirirlər.
İddiaya ilkin baxışın fevralın 7-də keçiriləcəyi gözlənilir.
Prokurorluq təşkilatın keçirdiyi yıyın (yığın) adlı xalq toplantılarını qanunsuz hesab edir.
Prokurorlar deyirlər ki, bu toplantılarda ekstremist çağırışlar edilir, təşkilatın üzvləri kütləvi aksiyalarda “nifrəti və düşmənçiliyi qızışdırırlar”.
Təşkilat üzvləri bildiriblər ki, Ali Məhkəmə prokurorluğun tərəfini saxlasa, onlar fəaliyyətlərini başqa ad altında davam etdirəcəklər.
Prokurorluğun əsas ittihamlarından birinin də “Başkort” hərəkatında əvvəllər ekstremizm maddələri ilə məhkum edilmiş Sagit Ismagilovun, Fanzil Akhmetshin-in və Ayrat Dilmukhametov-un iştirak etməsidir.
Dava əhəng davasıdır?
Təşkilat üzvləri deyirlər ki, prokurorluğun məhkəməyə müraciətinin təşəbbüskarı regionun icra başçısı Radiy Khabirov-dur.
Fəalların fikrincə onları əqidələrinə və hakimiyyətə qarşı çıxdıqlarına görə təqib edirlər.
Khabirov-un administrasiyası bu iddiaları rədd edib.
Bu da ehtimal olunur ki, təşkilatın üzərinə təzyiqlər 2019-cu ilin iyulunda Kuştau dağının müdafiəsi üçün qurultay keçirildikdən sonra başlanıb.
Başqırdıstan rəhbərliyi bu dağın ərazisini əhəng çıxarılması üçün “Başqırdıstan Soda Şirkətinə” verib.
Fəallar isə deyirlər ki, bu ərazidə respublikanın Qırmızı kitabında olan nadir heyvan və bitki növləri var.
Bundan əvvəl “Başkort” təşkilatının üzvlərini Ufa şəhərində keçirilən aksiyalarda dəfələrlə həbs ediblər.