Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Trump illik müraciətində nə deyəcək


Donald J. Trump
Donald J. Trump

Fevralın 4-də ABŞ Prezidenti Donald Trump xalqa illik müraciətini edəcək. Onun kəskin şəkildə parçalanmış ölkəyə və Konqresə vəhdət mesajı verəcəyi gözlənir.

Bir il öncəki çıxışında Trump “əməkdaşlığın yeni erası”na çağırmışdı. O zaman onun çıxışı hökumətin uzun müddət bağlı qalması, prezidentin Meksika ilə sərhədi hasarlamaq planları ilə bağlı acı mübahisə ilə bir araya düşürdü.

“Biz intiqam, müqavimət və əvəzçıxma siyasətini rədd edərək hüdudsuz əməkdaşlıq, kompromis və ümumi rifah potensialına qucaq açmalıyıq”, – Prezident ötən il Konqresdəki çıxışında deyirdi.

Builki çıxış isə seçki ilinə düşür. Həm də bu çıxışdan bir gün öncə demokratlar artıq seçkidə Trump-la mübarizə aparacaq namizədi müəyyənləşdirəcək səsvermə prosesinə start veriblər.

Trump Nümayəndələr Palatasında çıxış edəcək. Palatanın demokrat çoxluğu dekabrda prezidentə qarşı iki impiçment maddəsini təsdiqləyib. Respublikaçıların üstünlük təşkil etdiyi senatın isə illik müraciətdən bir gün sonra ona bəraət verəcəyi gözlənir.

Pelosi və Pence arxa oturacaqlardan prezidenti dinləyəcək

Trump çıxış edərkən Nümayəndələr Palatasının spikeri, impiçment səsverməsinə sədrlik etmiş Nancy Pelosi arxa oturacaqdan onu izləyəcək. Onların oktyabrdan bəri danışmadığı bildirilir.

Prezident çıxış edərkən arxa oturacaqların digərində isə respublikaçı vitse-prezident Mike Pence əyləşəcək. O, ötən həftə Ayova ştatında deyib ki, demokratlar noyabrda Trump-ı məğlub edə bilməyəcəkləri üçün onu “yıxmağa” çalışırlar.

Təhlilçilərin fikrincə, Trump fürsətdən istifadə edərək Pelosi və digər rəqiblərini özünə qarşı impiçment araşdırmasına görə tənqid edəcək. Prezidentin demokratlardan potensial rəqibi Joe Bidenə qarşı təhqiqat aparmaqdan ötrü Ukraynaya təzyiq göstərdiyi, buna görə Kiyevə hərbi yardımı yubatdığı bildirilir.

Prezidentin müsbət tendensiyaları vurğulayacağı gözlənir. Bu sıraya iqtisadiyyatın güclənməsi, işsizliyin azalması, bu yaxınlarda Meksika və Kanada ilə əldə olunmuş ticarət razılaşması, eləcə də Çinlə uzunmüddətli ticarət müharibəsinə son qoya biləcək razılaşmanın ilkin mərhələsi daxildir.

Çıxışı təxminən 50 milyonluq televiziya izləyicisindən çoxunun dinləyəcəyi gözlənir.

Və əlbəttə ki, milli təhlükəsizlik də diqqət mərkəzində olacaq. Yanvarda İranın Qüds qüvvələrinin komandiri Qasem Soleimani-nin vurulması Amerikanın maraqlarının qorunmasıyla izah olunmuşdu.

Tədbirə Konqresin əksər üzvləri, hökumət üzvləri, Ali Məhkəmənin hakimləri qatılmalıdır.

Konqresin demokrat qadın üzvləri qadınlara bərabər hüquq tələb edənlərin şərəfinə ağ geyimdə olacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG