Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Honq Konqda koronavirusdan bir nəfər ölüb


Honq Konqda piyadalar
Honq Konqda piyadalar

Fevralın 4-də Honq Konq koronavirusdan ilk ölüm halını açıqlayıb. Bu, artıq Çindən kənarda ikinci ölüm halıdır. Bundan qabaq Filippində virusdan bir nəfər dünyasını dəyişmişdi.

Honq Konqda vəfat etmiş 39 yaşlı kişi Vuhanda olubmuş.

2002-ci ildə Çində baş qaldırmış, dünyada 800-dək adamın səbəb olmuş SARS virusu da Honq Konqa böyük ziyan vurmuşdu. SARS-dan Honq Konqda 299 nəfər vəfat etmişdi.

***

Koronavirusdan ölənlərin sayı 425-ə çatıb

Çin rəhbərliyi yeni respirator virusa dövlətin reaksiyasında “nöqsan və çatışmazlıqlar”ı etiraf edib. Fevralın 3-də açıqlanan rəqəmə görə, artıq xəstəlikdən ölənlərin sayı 425-ə çatıb.

Milli Səhiyyə Komissiyası fevralın 4-də koronavirusdan 64 yeni ölüm və 3 min 235 yeni yoluxma halının aşkarlandığını bildirib. Artıq virusa cəmi 20 min 438 nəfərin yoluxduğu təsdiqlənib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal həyəcan durumu elan etdiyi epidemiyanın dekabrda Hubey vilayətinin paytaxtı Vuhan şəhərində diri heyvan bazarında baş qaldırdığı bildirilir.

Ölkənin elit Politbüro Daimi Komitəsi fevralın 3-də bildirib ki, dövlət fövqəladə idarəçilik sistemi təkmilləşdirilməlidir. Komitə qanunsuz diri heyvan bazarları ilə mübarizəyə çağırıb.

“Xinhua” agentliyinin məlumatına görə, komitə bildirib ki, bazarlara nəzarət gücləndirilməlidir, “qanunsuz diri heyvan bazarları və ticarəti” ilə mübarizə aparılmalıdır.

Qadağalar

Hökumət həmçinin tibbi avadanlıq, cərrahiyə maskaları, qoruyucu kostyumlar və təhlükəsizlik eynəklərinə “təcili” ehtiyacı olduğunu vurğulayıb, “AFP” xəbər verir.

İndiyədək 23 ölkədə virusa 150 yoluxma halı təsdiqlənib. Virus kəskin respirator infeksiya yaradır, simptomları adətən qızdırma ilə başlanır, sonra quru öskürəyə keçir, ÜST bildirir.

Çindən kənar təkcə Filippində virusdan ölüm halı qeydə alınıb.

Rusiya fevralın 4-dən Çindən hava reysi ilə gələn əcnəbilərin ölkəyə girişini qadağan edib. TASS dövlət sərəncamına əsasən yazır ki, bu qadağa “Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin vətəndaşlarına, təyyarə heyətlərinə, rəsmi nümayəndə heyətlərinin üzvlərinə, Rusiyada yaşam icazəsi olanlara aid deyil”.

Fevralın 3-də Çində min yerlik xəstəxananın tikintisi tamamlanıb. Xəstəxana 10 günə tikilib. 1500 yerlik daha birinin tikintisi isə bu həftə tamamlanmalıdır.

Hubey faktiki olaraq qapadılıb. Fevralın 3-də ölkənin şərqində yerləşən Venjou liman şəhərində karantin tədbirləri tətbiq olunub.

ÜST bildirir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artacaq, çünki şübhəli hallarla bağlı minlərlə nümunə hələ müayinə olunur.

XS
SM
MD
LG