Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 04:49

Bu gün impiçment məhkəməsində nə gözlənir


Donald Trump

Yanvarın 29-da yerli vaxtla saat 1-də ABŞ Senatında Prezident Donald Trump-ın vəzifədən kənarlaşdırılmasının müzakirə olunduğu mühakimənin 9-cu günüdür.

Jüri üzvləri kimi çıxış edən senatorlar 2 gün, üst-üstə 16 saat ərzində Nümayəndələr Palatasından yeddi məhkəmə menecerinə, eləcə də Trump-ın vəkillərinə yazılı suallar təqdim edəcəklər.

Senatorlar sualları özləri soruşmayacaqlar, Baş hakim, məhkəməyə sədrlik edən John Roberts-ə təqdim edəcəklər, o səsləndirəcək.

Sual mərhələsi bitəndən sonra senatorlar şahidlərin ifadə verməyə çağrılması, yaxud bunun qarşısının alınmasını səsverməyə qoyacaqlar.

Çoxluğun lideri “yetərli səsə malik deyil”

Yanvarın 28-də axşam Senatda çoxluğun lideri Mitch McConnell deyib ki, demokratların dindirməyə şahidləri çağırmasını dayandırmaqdan ötrü yetərli səsə malik deyil. O, həmkarları ilə qapalı görüşün nəticəsinə əsasən belə deyib, xəbəri ABŞ mediası yayıb.

Demokratlar özəlliklə keçmiş milli təhlükəsizlik müşaviri John Boltonun, eləcə də Trump-ın Ukraynadakı fəaliyyəti haqda ilkin mənbədən informasiyası olan digərlərinin ifadə verməsini istəyirlər.

Bolton yeni kitabında Trump-a istinadla yazır ki, guya o, avqustda Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı yubatmaq istədiyini deyib və bunu Kiyevin demokratlarla bağlı təhqiqat başlatmasına nail olmaq üçün etmək istəyib. İddialara görə, daha çox keçmiş vitse-prezident Joe Biden və oğlu Hunter Biden barəsində araşdırma aparılması istənilib. Xəbəri “The New York Times” yayıb.

Trump isə yardımı yubatmaqla Kiyevə təsir göstərməyə çalışmasıyla bağlı deyilənləri dəfələrlə rədd edib.

Prezidentin vəkilləri yanvarın 28-də ilkin arqumentlərin təqdimatını bitiriblər.

Nümayəndələr Palatası prezidentə qarşı iki rəsmi impiçment maddəsi irəli sürüb – hakimiyyətdən sui-istifadə və Konqresin işini əngəlləmək.

Trump isə ittihamları siyasi motivli adlandırır, hər hansı nöqsana yol vermədiyini deyir.

Respublikaçılar Senatdakı 100 yerdən 53-nə sahibdirlər, bu da Trump-ın bəraət alacağı anlamına gəlir. Onun təqsirli bilinməsi və vəzifədən kənarlaşdırılması üçün Senatda üçdə iki səs çoxluğu lazımdır.

XS
SM
MD
LG