Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

Trump-ın Yaxın Şərq planına qarışıq reaksiyalar gəlir


Fələstinlinin Trump-ın çıxışına reaksiyası, 28 yanvar, 2020-ci il
Fələstinlinin Trump-ın çıxışına reaksiyası, 28 yanvar, 2020-ci il

ABŞ Prezidenti Donald Trump-ın yanvarın 28-də açıqladığı Yaxın Şərqdə sülh planı Avropa və BMT-də nisbətən mülayim qarşılanıb, əsas müsəlman ölkələri isə narazılıq bildirib.

“Əsrin razılaşması” adlı plan paytaxtı şərqi Yerusəlimdə olmaqla müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutur. Ancaq bundan ötrü bir sıra addımların qəbulu istənilir ki, bunu da çoxları çətin hesab edir.

Mahmud Abbas
Mahmud Abbas

“Əsrin şapalağı”

Fələstin Hakimiyyətinin Prezidenti Mahmud Abbas ABŞ prezidentinin sülh planını “əsrin şapalağı” adlandırıb.

Qərb sahildə Fələstinə aid müxtəlif maraqlı tərəflərlə görüşəndən sonra o deyib ki, “xalqımız bunu tarixin zibil qabına atacaq”.

Brüsseldə isə AB-nin baş diplomatı Josep Borrell ilıq reaksiya göstərərək deyib ki, blok Trump-ın təkliflərini “öyrənərək dəyərləndirəcək”, bunu “həm fələstinlilər, həm israillilərin qanuni niyyətlərini nəzərə alan iki dövlət prinsipi” prizmasından edəcək.

Moskva da razılaşmanın “detallı təhlilə” ehtiyacı olduğunu bildirib. Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosachev-in sözlərinə görə, ABŞ prezidentinin təklifləri əsasında “azından ümumi uğura səbəb olacaq… danışıqlar başlanacaq”.

“İsraillilər və fələstinlilər arasında davamlı sülhə yalnız hər iki tərəf üçün məqbul iki dövlət prinsipi apara bilər”, – Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib.

1967-ci ilə qədərki sərhədlər

BMT isə bəyan edib ki, 1967-ci ilə qədərki sərhədlərin tanınmasına üstünlük verir. Həmin ildə İsrail Qərb sahili və Qəzzəni tutub.

Türkiyə isə plana kəskin reaksiya verib. Türkiyənin xarici işlər nazirliyi bəyanatında planı “ölü doğulmuş” adlandırıb, iki dövlət prinsipi ilə həllə gətirməyəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Fələstin və İsrail tərəfləri arasında birbaşa danışıqlara çağırıb.

İran planı rədd edərək “utancverici” adlandırıb, Fələstinin maraqlarına xəyanət etdiyini, “iflasa düçar” olduğunu deyib. Ölkənin xarici işlər nazirliyi bəyanatında belə deyib.

Misirin xarici işlər nazirliyi isə daha tərəddüdlü mövqe sərgiləyib, tərəfləri planı “diqqətlə və hərtərəfli tədqiq etməyə” səsləyib.

İordaniya BMT-yə oxşar bəyanat səsləndirib, “hərtərəfli və möhkəm sülh”ün 1967-ci ildən əvvəlki sərhədlərə söykənməli olduğunu qeyd edib.

XS
SM
MD
LG