İranlı reper Amir Tataloo Tehranın xahişilə İstanbulda saxlanıb. Məlumatı İran hakimiyyəti yanvarın 28-də yayıb. İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi sözügedən reperin qanunsuz fəaliyyət göstərdiyini bildirir.
İranın xəbər agentlikləri polisin sözçüsü Ahmad Nourian-a istinadla yazır ki, əsl adı Amir Hossein Maghsoodloo olan Tataloo Türkiyə polisi tərəfindən, İnterpolun “qırmızı xəbərdarlığı” əsasında həbs olunub.
Nourian-ın sözlərinə görə, İran hakimiyyəti Tataloo-nun həbsinə dair xahişi onun “vətəndaşları, əsasən gəncləri narkotik, özəlliklə psixotrop maddələrdən istifadəyə həvəsləndirdiyinə, korrupsiyanı yaydığına görə” təqdim edib.
İnterpol AzadAvropa/AzadlıqRadiosuna məsələni nə təsdiq, nə də inkar edib.
“Üzv ölkədə istənilən həbs milli qanunvericiliyə uyğun olaraq yerli hakimiyyət tərəfindən aparılır. Sizin sorğunuza gəlincə, belə bir həbsin baş verdiyinə inandığınız ölkənin hakimiyyəti ilə əlaqə saxlamağınızı tövsiyə edərdik”, – İnterpol emaillə göndərdiyi bəyanatda bildirir.
Türkiyə hakimiyyəti də məsələni, hələlik, şərh etməyib.
Tataloo kimdir
Tataloo-nun sosial şəbəkələrdəki administratoru Ronak onun həbsi haqda Instagram-da xəbər yayandan sonra polis məmurları da məsələni şərh etməyə başlayıb. Administrator müğənninin İrana “təhvil verilə” biləcəyi ilə bağlı xəbərdarlıq da edib.
Ronak-ın əsl kimliyi bəlli olmasa da, qadın olduğu görünür. O, qısa video paylaşıb, reperin orada əliqandallı göründüyünü yazıb.
Sosial mediada milyonlarla izləyicisi olan Tataloo İranda son prezident seçkisində mühafizəkar ruhani Ebrahim Raisi-nin seçki kampaniyasında iştirak edib. Raisi sonradan İran ədliyyəsinin başına keçdi.
Bədəni tatuyla örtülü müğənni indiyədək İranda azı iki dəfə həbs olunub. 2013-cü ildə onun peyk kanalları ilə əməkdaşlıq etdiyi iddia olunurdu.
Tataloo-nun bir neçə aydır Türkiyədə yaşadığı xəbər verilirdi.
Sosial media meneceri onun Britaniyanın köçməyi planlaşdırdığını deyib. Müğənninin orada növbəti günlərdə canlı konsert verəcəyi bildirilirdi.