Rusiyada əvvəllər hökuməti dəstəkləmiş, sonradan tənqidi sosial və siyasi şərhləri ilə gündəmə gəlmiş vəzifəli ruhani dünyasını dəyişib.
Baş keşiş Vsevolod Chaplin yanvarın 26-da 51 yaşında, Moskvada Müqəddəs Feodor Studit kilsəsi yaxınlığında skamyada oturmuş vəziyyətdə dünyasını dəyişib. Məlumatı Moskva Patriarxlığı kilsəsi yayıb.
Chaplin bir neçə il Rusiya Prezidenti Vladimir Putin və onun administrasiyasının siyasətini dəstəkləyib. Ancaq o, son vaxtlar ölkə rəhbərliyinin ünvanına tənqidlər səsləndirib. Özəlliklə ötən il pensiya islahatına qarşı çıxıb, martda isə hökumətin sosial-iqtisadi siyasətinə qarşı yürüşə qatılıb.
“Bizi qayığı yırğalamaqda ittiham edirlər, ancaq qayıq heç üzmür”, – Chaplin onda deyirdi.
O həmçinin Rusiyada “sinik və korrupsioner” elitanı əvəzləməyə, Pravoslav Kilsəsinin ölkədə qərarvermə gücünə yiyələnməyə çağırırdı.
Onun fikrincə, “qadınlar ədəbsiz görünüşləri və rəftarları ilə kişiləri onları zorlamağa təhrik edə bilərlər”.
Chaplin vaxtilə Rusiyanın Suriyada hərbi əməliyyatını “müqəddəs müharibə”nin tərkib hissəsi adlandırıb, Rusiyanın başqa ölkələrdəki düşmənlərini öldürmək gərəkdiyini deyib.
O, patriarxlığın artan nüfuzuna görə kilsəni tənqid edirdi.
Chaplin 1968-ci il martın 31-də Moskvada anadan olub. Atası Anatoly Chaplin sovet alimi idi.
O, 1990-cı ildə Moskva Teoloji Seminariyasını, 1994-cü ildə isə Moskva Teoloji Akademiyasını bitirib.
Chaplin 1999-cu ildə baş keşiş titulunu alıb.