Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 08:10

Ombudsman Aparatının əməkdaşları Z.Salayevlə görüşüb


Z.Salayev

Bu gün, yanvarın 24-də 11 gün öncə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alan AXCP fəalı Zamin Salayevlə oğlu Oqtay Salayev görüşüb. Görüş inzibati həbs olunanların saxlanma məntəqəsində gerçəkləşib.

Bu barədə AzadlıqRadiosuna O.Salayevin özü məlumat verib.

O.Salayevin sözlərinə görə, atası ona saxlanandan sonra Səbail rayonu 8-ci polis bölməsində işgəncələrə məruz qaldığı haqqında yazdığı məktubu da təsdiqləyib: «Atam dedi ki, onu bölmədə 10-15 nəfər möhkəm döydülər. Bunun nəticəsində onun «qrıja»sı partlayıb. Daxili İşlər Nazirliyin Hospitalının həkimi əməliyyat lazım olduğunu bildirib, lakin imkan verməyiblər. Bundan sonra atam müayinə üçün heç yerə aparılmamışdı, lakin o mənə dedi ki, indi səhhəti yaxşılaşıb».

Bu gün, yanvarın 24-də Z.Salayevə İnzibati həbs olunanların saxlanma məntəqəsində Ombudsman Aparatının əməkdaşları da baş çəkib.

Aparatdan «Turan» agentliyinə bildirilib ki, qurumun əməkdaşları Z.Salayevi konfidensial qaydada qəbul edib, müraciətini dinləyiblər: «Ombudsmanın özünün təşəbbüsü ilə Z.Salayev tibbi müayinədən keçirilib, səhhəti normaldır. Onun həbsi ilə bağlı müraciəti üzrə araşdırma aparılır. Lazımi dəstəyimizi, hər zaman olduğu kimi, göstərəcəyik və səlahiyyətimiz çərçivəsində lazımi tədbirlər görəcəyik».

Etiraz aksiyası

Yanvarın 24-də Bakının mərkəzində bir qrup fəal «Əlizamin Salayevə azadlıq» tələbi ilə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları Z.Salayevin şəkillərini əllərində tutaraq onun polis bölməsində işgəncələrə məruz qaldığını bildiriblər. «Biz polis işgəncələrinə, qadın təcavüzünə son deyirik», - onlar vurğulayıblar.

Hadisə yerinə gələn polislər aksiyanın qanunsuz olduğunu bildirərək iştirakçıları metronun «Sahil» stansiyasına qədər apardılar. Yolda aksiya iştirakçıları «Əlizaminə azadlıq» şüarını səsləndiriblər və vurğulayıblar ki, bu məsələdə təqsirkar cəzalandırılmasa, daxili işlər naziri Vilayət Eyvazov istefa verməlidir.

Aksiya zamanı saxlanan olmayıb.

Xatırlatma

Zamin Salayev yanvarın 13-də AXCP-nin digər iki fəalı – Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanıb. Onların haqqında 8-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, hər biri 50 manat cərimələnib.

«Mən, Ceyhun Novruzov və Əlizamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişdik, yemək sifariş vermişdik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı. Ceyhun və Əlizamin bəyin alkoqol qəbul etdiyi bildirildi. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Ceyhun Novruzovu 50 manat cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar», - həmin gün AXCP fəalı N.Abdullazadə Azadlıq Radiosuna demişdi.

Bir neçə gün öncə isə Z.Salayev ailəsinə məktub göndərərək polisdə ağır işgəncəyə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə bildiriblər ki, Z.Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətdə ictimai asayişi pozmağa yönəlik hərəkətlər edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

DİN-dən onun işgəncəyə məruz qalması ilə bağlı iddialarını da yalanlayıblar.

AXCP Z.Salayevin həbsinin sifariş olduğunu iddia edir. Səbəb kimi isə iddia olunur ki, Z.Salayev həbsindən öncə Salyanda polis əməkdaşlarından birinin yerli bir qıza təcavüz etməsi barədə məlumat və həmin polislə aralarındakı söhbətin videogörüntüsünü sosial şəbəkələrdə paylaşıb.

Yanvarın 27-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayaraq bu iddiaları da təkzib ediblər. Birgə rəsmi açıqlamada xüsusilə polis əməkdaşının bir qıza təcavüz etməsi haqqında iddia yalanlanır.

XS
SM
MD
LG