Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:28

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Seçki məntəqəsində ölüm

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Mövsüm Aslanovun qohumu və vəkili Sübhan Hacıyevin məntəqədə səslərin sayılması zamanı vəfat etdiyi bildirilir.

Baş Prokurorluğun məlumatında onun ürək çatışmazlığı nəticəsində həyatını itirdiyi qeyd edilir.

Rəsmi məlumatda 66 yaşlı Sübhan Hacıyevun uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyi, 2 dəfə infarkt keçirdiyi və 6 ay əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunduğu vurğulanıb.

Sübhan Hacıyevin vəziyyətinin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılması zamanı yaranan mübahisədən az sonra pisləşdiyi bildirilir. Bu haqda namizədin başqa vəkili Aida Eyvazlı “Facebook” səhifəsində məlumat yayıb.

“Bizdə olan məlumata görə, seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq”.

Baş Prokurorluğun yaydığı məlumatdasa isə vurğulanıb ki, fevralın 9-da saat 19 radələrində Sübhan Hacıyev məntəqədə “15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat edib”.

“Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb”, - rəsmi məlumatda bildirilir.

Sosial mediada Sübhan Hacıyevin qətlə yetirilməsi haqqında iddia da yayılmışdı.

Baş Prokurorluqsa bildirir ki, ilkin araşdırma zamanı seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Məsələyə, hələlik, Dairə Seçki Komisiyasından və seçki prosesində başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

İmişlidə seçkilərlə bağlı etiraz aksiyasının olduğu deyilir

Bu gün, fevralın 9-da İmişli rayonunda bir qrup müharibə veteranının İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirdiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna yerli sakinlər məlumat verib.

Bildirildiyinə görə, onlar deyiblər ki, bu dairə üzrə seçkilərin gedişindən narazı qalıblar və əksər seçki məntəqələrində səsvermənin yekununa dair protokolları ala bilməyiblər.

Verilən məlumata görə, aksiya yerinə yerli polislə yanaşı , Çevik Polis Alayının üzvləri də cəlb ediliblər. Sakinlərin bildirməsinə görə, etirazçıların bir çoxu saxlanaraq İmişli Rayon İcra Hakimiyyətinin binasına salınıb.

Onların arasında 79 saylı İmişli seçki dairəsi üzrə qeydə alınmış namizədlərdən birinin də olduğu deyilir. Bu barədə isə AzadlıqRadiosuna həmin dairə üzrə qeydə alınmış başqa namizədlər danışıblar.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi, İmişli Rayon İcra Hakimiyyəti və Dairə Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb.

Jurnalistləri məntəqədən aparıblar

“Hazırda 76 saylı dairədə olan jurnalistlər Əbülfət Baxşəli və Elməddin Şamilzadəni məntəqədən çıxarıb aparıblar. Mülki geyimli şəxslər onları döyüb, telefonlarını və çantalarını alıblar”.

Bu haqda arqument.az” saytının baş redaktoru Şəmşad Ağa məlumat yayıb.

Əbülfət Baxşəliyev özünün və deputatlığa namizəd Xalid Bağırovun məşvərətçisi Elməddin Şamilzadənin döyüldüyünü AzadlıqRadiosuna təsdiqləyib.

O, jurnalist kimi günboyu 76 saylı Lənkəran-Astara seçki dairəsində 30-dək məntəqədə olduğunu, qarşılaşdığı qanun pozuntularını çəkməyə çalışdığını bildirir:

“Əksər məntəqələrdə mənə məntəqənin girişində “Jurnalistə girmək olmaz, çəkiliş olmaz” kimi sözlərlə qarşılaşdım. Amma axşam olacaqları gözləmirdim”.

Onun sözlərinə görə, axşam saatlarında 11 saylı məntəqədən çıxarkən onu və məşvərətçini döyüblər:

“Məntəqə sədri Xalid Bağırovun məşvərətçisini döydülər. Mən oturduğum yerdə gəlib qolumdan tutdular, gödəkcəmi, telefonumu almaq istədilər. Çölə çıxanda 4-5 sakin bizi döydü. Mən əllərindən qaçdım. Arxamca gəlirdilər, maşına minib qaçdım. Xalid Bağırovun məşvərətçisinin çantası və əşyaları orda qalıb”.

Əbülfət Baxşəliyev günboyu icra nümayəndələrinin onları izlədiyini bildirir.

Hələlik, MSK-dan deyilənlərlə bağlı münasibət almaq mümkün olmayıb.

Elməddin Şamilzadəyə fiziki təzyiq göstərildiyi Əbülfət Baxşəliyevin çəkdiyi videoda da aydın görünür. Həmçinin məntəqədə bir nəfərin jurnalistə “Get çöldə çək” deyə göstəriş verdiyi də eşidilir.

Səsvermə bitdi

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində saat 19:00-da səsvermə başa çatıb. Səsvermə saat 08:00-da başlamışdı.

Qanunverciliyə uyğun, saat 19:00-dan etibarən bütün məntəqələr bağlanmalı və səslərin sayılmasına başlanmalıdır.

Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, 5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Parlamentdəki 125 yerdən ötrü 1314 namizəd mübarizə aparıb.

Davamı

XS
SM
MD
LG