Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:14

İqtisadçı prezidentin dediklərinə belə cavab verib


İ.Əliyev
İ.Əliyev

«Əvvəla onu deyim ki, dövlət başçısı İlham Əliyevin Azərbaycanla Ermənistanın müqayisəsinə dair səsləndirdiyi rəqəmlər iki ölkənin potensial imkanlarının müqayisəsidir».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev yanvarın 13-də keçirilmiş müşavirədə Azərbaycanla Ermənistanın müqayisəsinə dair prezidentin səsləndirdiyi bəzi fikirləri dəyərləndirərkən AzadlıqRadiosuna belə deyib.

N.Əliyevin fikrincə, bu mənada Azərbaycanı Ermənistanla müqayisə etmək yersizdir, çünki Azərbaycan öz əhalisinə, coğrafiyasının böyüklüyünə, təbii sərvətlərinə, eləcə də bir sıra digər parametrlərə görə Ermənistandan çox-çox üstündür və bunu konkret rəqəmlərlə ifadə etməyə ehtiyac qalmır: «El içində deyildiyi kimi, kənardan görünən dağa nə bələdçi?».

N.Əliyevə görə Azərbaycanla Ermənistanı müqayisəsini yox, bu iki ölkə hökumətinin ölkənin sosial, iqtisadi və siyasi sistemə münasibətdə yürütdüyü siyasətin nə dərəcədə üstün və geri olduğunu göstərmək lazımdır: «Belə müqayisələr isə çox qabarıq şəkildə trendləri Ermənistanın xeyrinə dəyişir».

N.Əliyev
N.Əliyev

«UDM 11 ayda Azərbaycanda 2.1, Ermənistanda…»

N.Əliyev deyib ki, MDB Statistika Komitəsi 2019-cu ilin yanvar-noyabr dövrünə aid göstəriciləri açıqlayıb və bu statistik məlumatı dövlətlərin rəsmi qurumları təqdim edib: «2018-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə Azərbaycanda 2019-cu ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul (ÜDM) cəmi 2.1 faiz, Ermənistan üzrə isə 7.5 faiz artıb».

İqtisadçı əlavə edib ki, sənaye məhsulu həcminə gəlincə, Azərbaycanda artım cəmi 1.4, Ermənistanda isə 9.3 faiz olub.

Orta aylıq əməkhaqqı məsələsi...

N.Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti 2019-cu ildə həm minimum əməkhaqqının, həm də minimum pensiyaların həcmində inqilabi dəyişikliklərə imza atdığını deyir və bu artımlar özünü əməkhaqqının orta səviyyəsində də göstərməli idi: «Bütün artımlardan sonra orta əməkhaqqı, tutalım, 600 manat oldu. Bu isə dollarla ifadədə 350 dollar deməkdir. Ermənistanda isə faktik olaraq orta aylıq əməkhaqqı 370 dollardır» (Azərbaycan prezidenti demişdi ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - 425 dollar olub, Ermənistanda 369 dollar).

N.Əliyev diqqəti ona çəkib ki, dövlət başçısı əməkhaqqı göstəricisini yalnız dekabr ayındakı səviyyə ilə müqayisə edir: «Niyə 2019-cu ilin orta illik əməkhaqqısını Ermənistanın orta illik ənməkhaqqısı ilə müqayisə etmir? Çünki orada açıq şəkildə görünəcəkdi ki, Ermənistanın orta aylıq əməkhaqqısı ötən il Azərbaycanla müqayisədə xeyli dərəcədə üstündür».

Prezident Azərbaycanı Ermənistanla müqayisə etdi

«Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə «Global Firepower 2019» hesabatıdır».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev dünən, yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr edilən müşavirədəki çıxışında deyib.

Prezident daha sonra Ermənistanla müqayisədə əsas makroiqtisadi göstəricilərə də diqqət yetirib: «...2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47.6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5.6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir.


Xarici ticarət dövriyyəsi Azərbaycanda 33.6 milyard, Ermənistanda 7.4 milyard dollardır, fərq 4.5 dəfədir. İxrac - Azərbaycan 19.6 milyard, Ermənistan 2.4 milyard, fərq 8.1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2.6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13.5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7.9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6.4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2.3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır».

Əməkhaqqı, pensiya, yoxsulluq...

Prezident daha sonra da deyib:

«... 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır.


Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4.8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir...».

Prezident deyib ki, bütövlükdə 2019-cu il Azərbaycan üçün uğurlu il olub. O, çıxışının sonunda da vurğulayıb ki, 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək.

«Əhalinin pul gəlirləri inflyasiyanı üstələyib»

«Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir».

Bunu da prezident İlham Əliyev yanvarın 13-də həmin müşavirədəki çıxışında deyib.

Prezident qeyd edib ki, ümumi daxili məhsul 2.2 faiz artıb: «Bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3.5 faizdir. Sənaye istehsalı 1.5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır».

Prezidentin bildirməsinə görə, kənd təsərrüfatı təxminən 7 faiz artıb: «Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2.6 faiz, əhalinin pul gəlirləri isə 7.4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi».

Xatırlatma

Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı gərginlik var. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Tərəflər arasında 1994-cü ildə imzalanan atəşkəs sazişinə qədər Azərbaycanın 20 faiz ərazisi işğal edilib. İndi Qarabağ münaqişəsi ATƏT-in Minski Qrupunun vasitəçiliyi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupda həmsədr ölkələrdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG